"Qəbələ" avrokuboklarda cari mövsümdə bütün oyunlarda qol vuran yeganə Azərbaycan klubudur. Sportnet.az-ın məlumatına görə, Roman Qriqorçukun komandası Avropa Liqasında bu il keçirdiyi hər 5 matçda rəqib qapısına yol tapıb. Bu, ümumilikdə 11 qoldur.
"Qırmızı-qaralar" qol seriyasında öz rekordunu yeniləyib. Belə ki, "Qəbələ" bunadək avrokuboklarda ən yaxşı halda ardıcıl 3 oyunda qol vurmuşdu. Bu, Avropa Liqasında ötən mövsüm təsnifat mərhələsində - "Çukariçki" (Serbiya, evdə 2:0) və "Apollon"la (Kipr, səfərdə 1:1 və evdə 1:0) matçlarda olub.
Klublarımız arasında ən uzun qol seriyası isə avrokuboklarda ən yaxşı təmsilçimiz "Qarabağ"a məxsusdur. Qurban Qurbanovun komandası 2 dəfə - 2010/11 və 2013/14 mövsümlərində ardıcıl 6 oyunda qol vurub. Bu, I-III təsnifat mərhələsi matçlarında olub. Hər 2 halda "Qarabağ"ın qol seriyası pley-off mərhələsində Almaniyanın Bundesliqa təmsilçiləri - Dortmund "Borussiya"sı və Frankfurt "Ayntraxt"ı ilə oyunlarda qırılıb. "Qəbələ" Avropa Liqasının III təsnifat mərhələsində Fransanın "Lill" klubu ilə avqustun 4-də Bakıdakı cavab matçında da qol vurarsa, Ağdam klubunun Azərbaycan rekorduna şərik olacaq.
Mehman Süleymanov
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb.