"Qəbələ"nin hücumçusu Baqali Dabo "Zirə"ni səfərdə 2:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının VI tur matçından sonra brifinq keçirib. Bombardir Sportnet.az-ın da suallarını cavablandırıb...
- Oyun haqda təəssüratlarınızı bölüşərdiniz...
- Çox yaxşı oyun keçdi. İlk dəqiqələrdən "Zirə”nin kompaktlığı bizə müəyyən çətinlik yaradırdı. Lakin qol vurduqdan sonra rəqib müdafiədə bəzi boşluqlar yaratdı və biz də bundan yararlanaraq inamlı qələbəyə nail olduq.
- İlk dövrənin sonuna 1 tur qalıb. Əvvəlki 6 turda ən çətin oyununuz hansı olub?
- Məncə, "İnter”lə oyunumuz daha çətin olmuşdu. Çünki həmin komanda çox yaxşı futbolçulardan təşkil olunub.
- "Sumqayıt”la oyunda ilk qolun ofsayddan vurulduğu bildirilir. Epizodu ən yaxşı görən siz idiniz. Top sizə birbaşa gəldi, yoxsa rəqib müdafiəçi ötürdü?
- Bu haqda nəsə deyə bilmərəm. İki oyunçunun mübarizəsindən geri çəkildim və topu qəbul etdim. Bəlkə də bir az ofsayd var idi. Lakin oynamaqda davam etdim və qol qeydə alındı.
- 6 oyundur ki, qol görmürsünüz...
- Düşünürəm ki, bu, "Qəbələ" üçün yaxşı haldır. Qol buraxmırsansa, bu, həm hücumda, həm də müdafiədə inamlı oyundan irəli gəlir.
- Qarşıdan Almaniya "Maynts"ı ilə Avropa Liqası matçı gəlir. Bu oyundan nə gözləyirsiniz?
- Biz bu oyunu evdə keçirəcəyik. İlk oyunda uduzduğumuzdan, "Maynts"la oyunun əhəmiyyətini yəqin ki, anlayırsınız. Bizə mütləq qələbə lazımdır.