"İnter"in kapitanı Səlahət Ağayev Azərbaycan Premyer Liqasının XIII turunda "Zirə" ilə səfərdə 1:1 hesablı bərabərliyə qaldıqları oyundan sonra müsahibə verib. Sportnet.az-ın matçda olan əməkdaşının məlumatına görə, millimizin də üzvü olan qapıçı jurnalistlərin suallarını cavablandırıb.
- Oyun necə keçdi?
- "Zirə"yə qaşı səfərdə oynamağın çətin olduğunu bilirdik. Belə də oldu. Buna baxmayaraq, hesabda irəlidə idik. Ancaq onlarla birinci dövrədəki qarşılaşmada olduğu kimi, 3 xalı son dəqiqələrdə əldən verdik. Bu gün 10 nəfərlə 2 xal itirdik.
- İkinci dövrənin sonuna 1 tur qalıb. Komandanın hazırklı durumundan razısınızmı və qış fasiləsindən sonra hansı nəticə gözlənilir?
- Ən azından avrokuboklara şansımız var. Buna nail olmaq üçün əlimizdən gəlni etmək fikrindəyik. Həm heyət, həm də digər amillərə görə şanslarımız var. Sonadək mübarizə aparıb avrokuboklara düşmək istəyirik.
- Baş hakim qərarları sizi razı saldımı? Xüsusilə futbolçunuza göstərilən qırmızı vərəqə doğru idi?
- Bəli, təmiz qırmızı vərəqə idi. Deməzdim ki, baş hakim tərəfindən kobud səhv oldu. Skarlatake kobud oyuna görə ikinci sarı vərəqəni aldı və meydandan çıxarıldı. Qərar düzgün idi.
- Çempionatın səviyyəsi qane edirmi? Premyer Liqada 8 komandanın olması rəqabəti artıtıb, yoxsa əksinə olub?
- Komanda az, çempionat qısa olanda mübarizə daha da gərgin olur. Çempionatda zəif komanda yoxdur. Hamısı bir səviyyədədir. Ona görə də hər bir rəqibə qarşı oynamaq çətindir. Azərbaycanın ən üzdə olan 8 klubu varsa, hamısı da çempionatda oynayır. 18 komanda olsaydı, onda deyərdim ki, asan xal qazanmaq olar. Ancaq indi çox çətindir. Bir oyunda qalib gəlib yuxarı gedirsən, bir oyunda uduzaraq aşağı.
- Belə bir fikir səslənir ki, çempionatda rəqabətsizlik var. Bunu "Qarabağ"la "Qəbələ" rəsmiləri də etiraf edirlər. Razısan bu fikirlə?
- Razı deyiləm. "Qarabağ", "Qəbələ", yaxud sonuncu pillədə gedən AZAL olsun, hamıya qarşı çətindir. Rəqabət yoxdursa, "Qəbələ" AZAL-la necə 0:0 oynayır? Əlbəttə, rəqabət var. Deməzim ki, bu çempionat 10 komandalıdan maraqsızdır və ya başqa şey. Hər şey normaldır.
- Rəhbərliyin dəyişməsi, Rəşad Qasımovun prezident postundan gedişinin komandaya hər hansı təsiri oldumu?
- Yox, heç bir mənfi təsiri olmayıb. Hazırda prezident vəzifəsini icra edən Rüfət Abdullayev əvvəl də bizimlə işləyib. Sadəcə, başqa vəzifədə olub. Hər şey qaydasındadır və yaxşıya doğru gedir.