Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının (U-19) FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə Rusiyanın Sankt-Peterburq şəhərində yeniyetmələr arasında keçiriləcək beynəlxalq turnirdə rəqibi olan qazaxıstanlı həmyaşıdları bu gün bir araya gəlib. Sportnet.az-ın məlumatına görə, həmin ölkənin U-19 yığması Talqardakı bazasında təlim-məşq toplanışına başlayıb.
Bu, yanvarın 6-dək davam edəcək. Yanvarın 7-də isə qazaxlar Sankt-Peterburqa yollanacaq.
Baş məşqçi Aleksandr Kuznetsov hazırlıq prosesinə 25 futbolçu cəlb edib. Heyətdə 2 qapıçı, 8 müdafiəçi, 10 yarımmüdafiəçi və 5 hücumçu yer alıb.
Xatırladaq ki, Azərbaycanla Qazaxıstanın U-19 yığmaları Rusiyadakı turnirdə yanvarın 11-də Bakı vaxtilə saat 13:00-da üz-üzə gələcək.