"Neftçi"dən təklif almış baş məşqçi "Makkabi"dən getdi
Tanınmış gürcü mütəxəssis Şota Arveladzenin İsrailin "Makkabi" klubunda fəaliyyəti yarım illik olub. Sportnet.az-ın məlumatına görə, 44 yaşlı baş məşqçi Təl-Əviv təmsilçisi ilə yollarını ayırıb.
Klubun mətbuat xidməti Arveladze ilə müqavilənin qarşılıqlı razılıqla pozulduğunu xəbər verib. Gürcü baş məşqçi "Makkabi" ilə bağlı olan hər bir insana minnətdarlıq edib və bu klubun onun ürəyində həmişəlik yer tutduğunu bildirib.
Arveladze "Makkabi"nin baş məşqçisi postuna ötən ilin iyununda keçib. Noyabrda isə onun adı Rusiyanın "Krasnodar" klubu ətrafında hallansa da, belaruslu Oleq Kononovun vəzifəsindən istefasından sonra seçim rusiyalı mütəxəssis İqor Şalimovun üzərinə edilib.
Xatırladaq ki, Arveladzenin "Makkabi"yə getməzdən az öncə "Neftçi"nin baş məşqçi postuna namizədlərdən biri kimi təklif aldığı bildirilirdi.