"Səbail" Bakı toplanışı çərçivəsində ikinci və sonuncu yoldaşlıq görüşünü bu gün "Neftçi"nin əvəzedici komandasına qarşı keçirib. Sportnet.az-ın məlumatına görə, "Bayıl Arena"da keçirilən oyun I Divizion təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı uzaqdan möhtəşəm zərbəylə vurduğu qolla Ramazan Abbasov açsa da, qısa müddətdən sonra rəqib Kənan Mirzəliyevlə tarazlıq yaradıb. Daha sonra kapitan Saşa Yunisoğlu penalti zərbəsiylə "Səbail"i yenidən hesabda irəli çıxarıb. Qarşılaşmada son nöqtəni isə yeni transfer Mirzağa Hüseynpur qoyub.
Bu, "Neftçi”nin əvəzedici heyətinin təlim-məşq toplanışında ilk yoxlama matçı olub. Samir Əliyevin komandası hazırlıq prosesində yanvarın 15-də "Şərurspor”, 18-də "İnter” (əvəzedicilər), 21-də isə "Şahdağ” (Qusar) klubu ilə qarşılaşacaq.