Belçikanın "Anderlext" klubunun futbolçusu Olivye Deşaxt 100 min avro məbləğində cərimələnib. Sportnet.az-ın ESPN-ə istinadən məlumatına görə, buna 36 yaşlı müdafiəçinin öz komandasının əleyhinə pul qoyuluşu etməsi səbəb olub.
Pul qoyuluşu Deşaxtın 2008-ci ildə açdığı hesabdan edilib. Futbolçunun özü bu addımın qardaşı Xavyer tərəfindən atıldığını iddia edir.
Pul qoyuluşlarından biri "Anderlext"in 2013-2014 mövsümündə Fransa PSJ-sinə Çempionlar Liqasındakı məğlubiyyəti üçün edilib. Həmin vaxt görüş parislilərin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Deşaxtın özü isə matçı ehtiyat oyunçular skamyasında keçirib.
Araşdırmalardan sonra Olivye və Xavyerin hərəyə 100 min avro cərimələnməsinə qərar verilib. Futbolçunun vəkilləri qərardan apellyasiya verəcəklərini bildiriblər. Onların fikrincə, cərimə məbləği Deşaxtın gəlirləri ilə uzlaşmır.
Belçika Krallığı Futbol Assosiasiyası 2016-cı ilin payızında ölkə çempionatındakı şübhəli oyunlara qarşı genişmiqyaslı araşdırmalara başlayıb. İşdə adı keçənlərdən biri Deşaxt olub. Araşdırmalar daha xoşagəlməz nəticələr versə, futbolçunu 600 min avro cərimə və 5 illik həbs cəzası gözləyir.
Qeyd edək ki, Olivye Deşaxt "Anderlext"də 2011-ci ildən çıxış edir. Sol cinah müdafiəçisi komandada 400-dən çox oyun keçirib. 2008-ci ildən Deşaxt kapitan sarğısını daşıyır. O, 2005-2006 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi"yə (5:0, 0:1), 2015-2016 mövsümündə isə Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı (2:1, 0:1) əvəzlənmədən oynayıb. Lakin bu mövsüm Deşaxt "Qəbələ" ilə Avroliqanın qrup mərhələsi oyunlarının heç birində (3:1, 3:1) meydana çıxmayıb.