"Qarabağ"ın futbolçusu Coşqun Diniyev Azərbaycan Premyer Liqasının XVI turunda "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra müsahibə verib. Sportnet.az-ın matçda olan əməkdaşının məlumatına görə, yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb.
- İlk olaraq qarşılaşma haqda fikirlərini bildirərdin...
- Oyun hər iki komanda üçün maraqlı keçdi. "Zirə" bizə qarşı müqavimət göstərdi. Biz də öz oyunumuzu tapmağa çalışdıq. Sevindirici hal odur ki, sonda 3 xalı qazandıq və liderliyimizi davam etdiririk.
- Amma oyunun tempi aşağı idi. Bu, nəylə bağlı idi?
- Qısa müddətdə keçirilən oyunlara hələ öyrəşməmişik. Yəqin ki, bununla bağldır. Bəlkə də komandada bir az yorğunluq var. Oyun elə məcrada keçdi ki, bizi tempi aşağı salmağa vadar elədi. Gələcək matçlarda tempi, oyunun sürətini artırmağa çalışacağıq.
- Digər oyunlardan fərqli olaraq bu dəfə vurduğunuz qollara elə də sevinmədiniz. Ehtiyat oyunçular skamyası ümumiyyətlə, yerindən qalxmadı...
- Bunu nəyləsə əlaqələndirmək olmaz. Çox oyunlarda belə olub. Elə oyunlar olub ki, qollara çox sevinmişik. Ancaq matçlarımızın yarısından çoxunda qollara az sevinmişik.
- Təxmin edilirdi ki, "Qarabağ" "Zirə"yə 2:0 hesabı ilə qalib gələcək. Yəqin ki, "İnter" - "Simurq" qardaşlığını xatırlayırsan. Sizin komandaların da belə olduğu deyilir...
- 90-cı dəqiqədə vurulan 1 qol təxminləri alt-üst edə bilərdi. Hesab 3:0 də ola bilərdi, 2:1 də. Bizim iki qol şansımız yarandı, ikisindən də istifadə etdik.
- Ümumiyyətlə, "Qarabağ"ın hakim köməyinə ehtiyacı var?
- Nəinki "Qarabağ"ın, heç bir klubun hakimin köməyinə ehtiyacı yoxdur. Mən belə düşünürəm. Xal qazanmaq, yuxarı pillələrdə olmaq istəyən komanda hakimdən və ya kimdənsə ümid gözməməlidir. Güclü olduğunu öz oyunu ilə sübut etməlidir.