"Turan Tovuz"un kapitanı Azər Məmmədovun Sportnet.az-a müsahibəsi...
- Komandanızın bir neçə futbolçusu zəhərlənib. Hazırda vəziyyət necədi?
- Dünən səhər bazada 8 futbolçumuz özünü piss hiss etdi və dərhal xəstəxanaya aparıldılar. Həkimlər onların zəhərləndiklərini bildirdilər. Dərhal sistem köçürüldü və buraxılmadılar. Hələ ki, müalicələri davam edir. İnanıram ki, bu günə yaxşı olar.
- "Səbail”lə sabahkı görüşə hazırsınız?
- Komanda olaraq tam hazırıq. Sadəcə, görək, necə alınacaq.
- Belə söhbətlər yayılıb ki, komandanız "Səbail"ə oyunu hədiyyə etmək istəyir. Məğlubiyyətə səbəb olaraq, belə variant ortaya atılıb...
- Nə oyun vermək? Elə şey mümkün deyil. Çıxıb sabah da "Səbail"ə sözümüzü meydanda deyəcəyik. Çox adam çox şey deyə bilər. Hələ eşitmişəm bəziləri deyir ki, guya komanda qorxur və "Səbail"lə oyuna getmir. Ancaq belə bir şey həyatı boyu ola bilməz. Hərə bir söz deyir də. Hazırda uşaqlar yaxşı vəziyyətdədirlər. 8 nəfər xəstəxanaya düşmüşdü, artıq hamısı bizmlədir. Düzdür, onlardan özünü pis hiss edənlər var, amma yenə də bizimlə Bakıya gəlirlər. Komandamızda elə bir şeyə gedəcək adam da yoxdur. Çünki bütün uşaqlar din-imanlıdırlar.
- PFL və "Səbail” oyunun başqa vaxta keçirilməsinə razı olmayıb. Buna reaksiyanız necə oldu?
- Bilmirəm nə deyim... Çıxıb oynayacağıq. Ümidvaram ki, istədiyimiz nəticəni əldə edəcəyik.
- "Səbail"ə qarşı var gücümüzlə oynayacağıq. Sabah özünüz də oyuna baxacaqsınız. Sadəcə, baş vermiş hadisə ilə əlaqədar oyunun 1-2 gün sonraya keçirilməsini istəyirdik. Uşaqların özlərinə gəlməsi üçün vaxt istəyirdik. Amma heç kim razılıq vermədi. Halbuki ən azı komandamızın durumuna hörmətlə yanaşmaq olardı. Demirdik ki, bir ay sonra oynayaq. 1-2 gün sonra oynamaq istəyirdik ki, uşaqlar özlərinə gəlsinlər. Razılıq verməyiblərsə, problem yoxdur, çıxıb oynayacağıq. Heç bir komandadan qorxmur, çəkinmirik. Xəstəxanadan çıxan uşaqların meydanda olub-olmayacaqları dəqiq bilinmir. Hazırda həkim nəzarəti altındadılar. Ümidvaram ki, sabahkı matçda qalib gələn tərəf biz olacağıq.
- Bu matçda qalib gələcəyinizə inanırsınız?
- "Səbail” ciddi rəqibdir və bunu biz də dərk edirik. Arxayınlaşmaq olmaz, biz onsuz da hər oyuna final kimi çıxırıq. Ümidvarıq ki, "Səbail”lə görüşdə də istədiyimiz xalı alarıq.
- İlk dövrədəki oyunu necə xatırlayırsan?
- Həmin oyun yaxşı xatırlayıram. Çox maraqlı və çətin oyun alınmışdı. Amma qalib gəlməyi bacarmışdıq. İlk dövrədə biz 7 tur qələbə qazandıq və meydanı da qol buraxmadan tərk etdik. Rəhbərliyimiz və məşqçilər korpusuna təşəkkür edirəm. Çünki onların üstümüzdə böyük əməkləri, bizim isə çox gözəl, mehriban kollektivimiz var.
- Bir tur əvvəl daha bir əsas rəqibiniz – "Şəmkir”i məğlub etməyi bacardınız. Budəfəki Qərb derbisi haqda nə deyə bilərsən?
- "Şəmkir”lə oyuna çox ciddi hazırlaşmışdıq. Matçın ağır keçəcəyini yaxşı bilirdik. Rəqibimiz də güclü idi. Amma konsentrasiyanı sonadək əldən vermədik və qollarımızı vuraraq qalib gəldik. Bizim komanda hər zaman sona qədər vuruşur. Bunun da nəticəsidir ki, ilk pillədəyik.
- "Turan Tovuz” Premyer Liqaya vəsiqə qazansa, hazırkı heyətlə mübarizə apara bilərsiniz?
- Heyətimizdəki oyunçuların çoxunun Premyer Liqa təcrübəsi var və elə bu heyətlə də orada oynaya bilərik. Mən sizi inandırım, biz Premyer Liqa klublarından heç də geri qalmırıq. Azarkeş dəstəyimiz də var, klubda işlər də yaxşıdır, oyunumuz da göz qabağındadır. İnanıram ki, mövsümün sonunda Premyer Liqaya vəsiqə qazanan komanda biz olarıq.
- Klubda maddi cəhətdən problem yoxdur?
- Hələlik hər şey yaxşıdır. Pul barədə problemimiz olmayıb.