"Səbail"in baş məşqçisi Elman Sultanov "Turan Tovuz"la evdə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan I Divizionunun XIX tur matçından sonra brifinq keçirib. Gənc mütəxəssis Sportnet.az-ın oyunda olan əməkdaşının da suallarını cavablandırıb...
- Deyəsən, nəticə sizi qane etmədi...
- Bu gün biz udmalı idik. Çünki hər iki hissədə də bir qapı istiqamətinə futbol getdi, "Turan Tovuz”un qapısı qarşısında çoxlu qol şansı əldə etdik. Sadəcə, heç bir şansdan istifadə edə bilmədik. Çempionat davam edir. Mübarizəmizi davam etdirəcəyik. Həm bizim, həm də "Turan Tovuz”un qarşıda ağır oyunları var. Mübarizəmizi sona qədər davam etdirəcəyik. Çünki məqsədimiz çempionluqdur.
- Problem məhz hücum xətti ilə bağlı idi. Futbolçularınız niyə son nöqtəni qoya bilmirdilər?
- Sanki idman xoşbəxtliyi də yanımızda olmadı. Neçə dəfə qol imkanlarımız oldu? Xoşunuza gəldi oyunumuz? Sürətli, maraqlı oyun getdi.
- Rəqibiniz sanki antifutbol oynayırdı...
- "Turan Tovuz” futbolçuları tez-tez yıxılırdı, həkimi çağırırdılar. İki hissə ancaq biz futbol oynadıq, "Turan Tovuz” müdafiədə oturdu.
- İlk yarıdakı şübhəli penalti epizodu ilə bağlı hansı fikirdəsiniz?
- Şübhə yox idi. Birinci hissədə penalti epizodu var idi. Sadəcə, baş hakim həmin epizodu görmədi. Bir az sol tərəfdə olsaydı, görərdi. Biz oyunda oluruq və həmin epizodda məncə, penalti var idi. Amma baxandan sonra hamı görəcək penaltidir, ya yox.
- "Turan Tovuz”un əksər futbolçuları zəhərlənmişdilər və hətta oyunun təxirə salınmasını istəyirdilər...
- Zəhərlənmə məsələsinə mən inanmıram. Çünki bizimlə oyunda həmin zəhərlənmiş oyunçular oynayırdılar. Zəhərlənən oyunçu bir gün sonra oyuna çıxa bilər? Oyunun gedişində tez-tez yerə yıxılırdılar, biri ayağını tuturdu, biri başqa yerini... Olmaz axı belə. Oyuna neçə dəqiqə əlavə etdilər?
- Sizcə, məsələ nə ilə bağlı idi, rəqib "Səbail”dən qorxdurdu?
- O sualı mənə yox, Əsgər Abdullayevə verin. Mən bu barədə nəsə deyə bilmərəm.
- Saşa Yunisoğlunun qırmızı vərəqə alması növbəti turlarda oyununuza təsir edəcək?
- Bəli, təsir göstərəcək. Amma bizdə Saşanı əvəz edəcək oyunçular var. O, komandamızın kapitanıdır və "Səbail”i qabağa dartır. Yunisoğlu da komandamızın Premyer Liqaya çıxmasını istəyir. İndi duraq Saşaya deyək ki, niyə belə etmisən, niyə belə oldu? Artıq şeylərdir, oldu keçdi. Biz gələcəyi fikirləşməliyik.