"İlk 5 dəqiqə ağır keçdi, oyunçularda həyəcan var idi. Oyuna qədər gündə 2 dəfə fiziki məşqlər keçirdik. Hətta matçdan bir gün əvvəl futzalçılar bundan şikayətlənirdilər. Onlar yorğun olduqlarını, ayaqlarını hiss etmədiklərini deyirdilər. Bu da təbii haldır və qazandığımız qələbə ağır məşqlərin nəticəsidir".
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Biro Jade Moldovaya 6:1 hesabı ilə qalib gəldikləri yoxlama matçından sonra deyib. Braziliyalı mütəxəssis meydanda dinamik, hərəkətli olduqlarını söyləsə də, narazı qaldığı məqamlardan da danışıb: "Standart vəziyyətləri realizə edə bilməməyimiz məni narahat etdi. Bəzi epizodlar zamanı gecikirdik, topu düzgün saxlaya bilmirdik. Halbuki bunun üzərində işləmişdik. Amma meydanda dinamik, hərəkətli olmağımız xoşuma gəldi. Bunun sayəsində sürətli hücumlar qurduq. Heyf ki, yaratdığımız epizodları realizə etməkdə çətinlik çəkdik".
Millimizin baş məşqçisi növbəti oyunda müəyyən dəyişikliklər edəcəyini vurğulayıb: "Artıq hər şeyi özümüz üçün dəqiqləşdirməliyik. Rəsmi oyunlara az vaxt qalıb”.