"İki fərqli oyun keçirdik. İlk oyunla müqayisədə ikinci matça konsantrasiya ola bilmədik. Paltardəyişmə otağında, eləcə də matçdan əvvəl keçirilən isinmə hərəkətləri zamanı uşaqların oyuna köklənə bilmədiyini müşahidə etdim. Anladım ki, bizim üçün çətin bir oyun olacaq".
Sportnet.az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Biro Jade Moldovanı 3:2 hesabı ilə yendikləri ikinci yoldaşlıq görüşündən sonra deyib.
Braziliyalı mütəxəssis bildirib ki, komandası Avropa çempionatının əsas mərhələsi zamanı də bu cür oyun nümayiş etdirsə, final mərhələsinə vəsiqə qazana bilməyəcək: "Müəyyən epizodlar oldu ki, razı qaldım. Birinci hissədə 5-in 4-ə oynadıq və 3 real qol epizodu yaratdıq. Ancaq heyətə cəlb etdiyim oyunçuların hamısına şans verməli idim, buna görə də 4-ün 4-ə oynamağa başladıq. Vəziyyət elə alındı sərəncamımda olan oyunçuların hamısını meydana buraxa bilmədim. Standart vəziyyətlərdən istifadəyə gəldikdə, ilk oyunla müqayisədə bu dəfə daha düzgün oynamağa çalışdıq. Təəssüflənirəm ki, epizodlardan istifadə faizi aşağı oldu”.
Qeyd edək ki, Moldova ilə ilk yoldaşlıq görüşündə Azərbaycan millisi böyük hesabla qalib gəlib - 6:1.