"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə "Neftçi" ilə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir:
- Matçla bağlı nə demək istərdiniz?
- Bilirdik ki, çətin olacaq. Çox qaçdıq, çox mübarizə apardıq. Əsas odu ki, qol buraxmadan istədiyimizi əldə etdik. Qol buraxmamağımız hardasa daha da xoşdu. "Qarabağ”ın fanatlarını təbrik edirəm. Finala çıxdıq və kuboku da qazanmaq istəyirik.
- Finalda "Qəbələ” ilə oynayacaqsınız. Sənin üçün ürəkaçan finaldımı?
- Maraqlı oyun olacaq. Hələ ki, kuboku kənara qoyduq. "Qəbələ” ilə çempionat oyunumuz var və sırf bu barədə düşünəcəyik. Final mayın 5-dədi. Ona qədər hələ çempionat oyunlarımız var.
- Finalın Naxçıvanda keçirilməsi komandada yorğunluq yaratmayacaq?
- Naxçıvanda da keçirilsə çempion olmaq istəyirik, Qəbələdə də keçirilsə istəyimiz budu.
- "Qarabağ”da bir ara problemlərin oldu. Hətta Qurban Qurbanov səni əvəzedici heyətə də göndərmişdi. Artıq hər şey yoluna qoyulub deyəsən...
- Qurban müəllim bugünə qədər çox kömək olub. Hər şey barədə nəzərdə tuturam. Qurban Qurbanov nə edibsə, mənim yaxşılığım üçün edib. Hər nə olsa da, yenə də Qurban müəllimə sağol deyirəm. Məni meydana buraxıbsa, əlimdən gələni edəcəm ki, güvənini yerə vurmayım.
- Hiss edirsən ki, bağışlayıb səni?
- Axı aramızda elə bir problem yox idi. Hər şey normaldı. Əsas odu ki, hər şey yaxşıdı.
- Özünü "Qarabağ”da indi daha rahat hiss edirsən?
- Elə kollektivimiz var ki, ailə kimiyik. Bu da bizim böyük üstünlüyümüzdü. Uzun müddət oynamadıqdan sonra yenə meydana çıxsan da, yad hiss etmirsən özünü.
- "Qəbələ”dən dörd xal irəlidə olmağınız böyük üstünlükdümü?
- Dörd xal gözümə görünmür. Çünki "Qəbələ” ilə vacib oyunumuz var. Çox şey dəyişə bilər. "Qəbələ”yə də uduza bilərik. Bir sözlə boşalmaq olmaz.