Bu gün AFFA-nın inzibati binasında AFFA-nın yanında Media Komitəsinin İdarə Heyətinin növbəti fəaliyyət müddəti üçün seçki keçirilib.
Sportnet.az-ın məlumatına görə, tədbirdə Media Komitəsinin 31 üzvündən 30-u iştirak edib. Əvvəlcə İdarə Heyətinin sədri Mahir Rüstəmli çıxış edərək ötən dövr ərzində komitənin gördüyü işlər barədə danışıb. Sonra Media Komitəsinin koordinatoru Firuz Abdulla seçki prosesi ilə bağlı məlumat verib. İdarə Heyətinə namizədliyini irəli sürmüş Kamran Hacının və İdarə Heyətinin üzvü Vüqar Zeynalovun çıxışından sonra seçki keçirilib. İlk mərhələdə Elçin Cəlilov (26 səs), İlqar Tağıyev (23 səs), Mahir Rüstəmli (21 səs), Araz Əhmədov (18 səs), ikinci mərhələdə isə hərəyə 17 səslə Ruslan Mikayıllı və Vüqar Xeyrullayev İdarə Heyətinin üzvü seçilib.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mikayıl Nərimanoğlu çıxış edərək İdarə Heyətinin sabiq heyətinə fəaliyyət dövründə həyata keçirdikləri işlərə görə AFFA rəhbərliyi adından minnətdarlığını bildirib, yeni seçilənlərə uğurlar arzulayıb.