
"Qarabağ"ın futbolçusu Migel Madera evdə "Qəbələ" ilə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra brifinq keçirib. İspaniyalı yarımmüdafiəçi Sportnet.az-ın da suallarını cavablandırıb...
- Çətin oyun olacağını bilirdik. "Qəbələ"nin potensialına da bələd idik. Düşünürəm ki, daha çox qol vəziyyətimiz oldu. Amma qazandığımız 1 xal sona 3 tur qalmış 4 xallıq fərqi saxlamağımıza kifayət etdi.
- Çempionluğa nail olmaq üçün nə lazımdır?
- Eyni oyun dəst-xəttini saxlamalı, işləməliyik. Bütün oyunlar çox çətindir. İşləmək lazımdır.
- 4 xallıq fərq arxayınlığa səbəb olmayacaq?
- Mən əksini düşünürəm. Çempionatın sonudur. Bütün futbolçular artıq önəmli dövrün olduğunu başa düşürlər. Hər bir oyun fərqlidir. Çempionluğun astanasındayıq. Bu imkanı əldən vermək olmaz.
- Qalib gəlsəydiniz, çempionluğun taleyi həll olunacaqdı. Buna nə mane oldu: Bəlkə fərqi qorumağı daha çox düşünürdünüz?
- Xeyr, bununla razı deyiləm. Oyuna da baxanda gördünüz ki, yaratdığımız qol vəziyyətləri daha çox idi. Meydana qələbə üçün çıxmışdıq. Bütün oyunlar çətin və fərqlidir. Məqsədimiz 3 xal idi. İstədiyimiz oyunu sərgiləməsək də, daha çox qol vəziyyəti yaratdıq. Amma bəzən istədiyin alınmır.