"Neftçi”nin yarımmüdafiəçisi Zdenek Folprext AZAL-la matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
- AZAL-a qarşı matç sanki məşq xarakterli oyun idi...
- Kənardan bu cür görünə bilər. Amma mən məşq xarakterli oyun olduğunu deyə bilmərəm. Sadəcə erkən qollar qələbə qazanmağımıza kömək oldu.
- Maraqlıdır ki, vurduğunuz qollardan sonra azarkeşlər tərəfə qaçmadınız. Niyə?
- Bizim tərəfimizdən heç bir problem yoxdur. Mən vurduğum qolu Çexiyadan Bakıya gələn dörd dostumla bölüşdüm. Ona görə onlara tərəf qaçdım.
- Siz özünüz onları Bakıya dəvət etmisiniz?
- Bəli, onlar mənim dəvətimlə Bakıya gəliblər. Biz onlarla uşaqlıqdan dostluq edirik.
- Vaqif Cavadov bildirib ki, "Neftçi” qeyri-adi heç nə etmədi, sadəcə, AZAL-ın səhvlərindən yararlandılar. Razısınızmı ki, elə də güclü oyun sərgiləmədiniz?
- Bu il nümayiş etdirdiyimiz ən yaxşı oyun idi. Amma rəqibimiz də çox yaxşı oynadı. İlk dəqiqədə AZAL-ın oyunçusunun vurduğu top dirəyə dəyməsəydi, hər şey başqa cür də ola bilərdi.
- Turnir cədvəlində "Zirə”ni keçib Avropa Liqasına yollana biləcəksiniz?
- Bizim əsas problemimiz o idi ki, yaratdığımız qol epizodlarından yararlana bilmirdik. Qolumuzu vurandan sonra isə hər şey daha yaxşı alınır. Qarşıdakı iki turda da qalib gəlmək lazımdır. Bəxtimiz gətirsə, rəqiblərimiz də xal itirsə Avropa Liqasına yollanacağıq.
- Mövsüm sonunda icarə müddəti başa çatır. "Slovan”a geri dönəcəksiniz, yoxsa Bakıda qalmaq istəyirsiz?
- Artıq "Slovan” və "Neftçi” klubları arasında danışıqlar başlayıb. Seçim qarşısında qalsam, "Neftçi”yə üstünlük verəcəyəm. Bakıda hər şey ürəyimcədir.