"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev "Sumqayıt"la matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir:
- "Qarabağ" bu mövsümün də çempionu oldu. Təəssüratların necədir?
- Məsuliyyətli iş gördük. Hər il olduğu kimi bu titulu qoruyub-saxlamaq yenə çətin olacaq. Məsuliyyətimiz ildən-ilə daha da artır.
- İldən-ilə "Qarabağ”ın çempionluq uğrunda mübarizə apardığı klubların sayı azalır. Bu il tək "Qəbələ” qalmışdı. Gələn il necə olacaq?
- Tam səmimi deyim ki, daha çox komandanın olmasını istəyərdim. Gərginlik və mübarizənin daha çox olmasını istəyərdik. Amma biz xallarımızı tək "Qəbələ” ilə oyunlarda deyil, başqa klublarla matçlarda da itirmişik. Premyer Liqamızda komandaların çox olması məsələsi məni aşan söhbətdi. Çox istəyərdim ki, çempionatımızdakı klubları sayı çox olsun, rəqabət çox olsun.
- Çempionatda klubların sayı azdısa, rəqabət güclü deyilsə klublarımız avrokuboklarda uğursuz çıxış edir. Bu məsələ ilə razısan?
- Sözsüz ki, elədir. Premyer Liqadan sonra avrokuboklarda oynamaq çətindi, adaptasiya mənasında deyirəm. Düşünürəm ki, gələn mövsüm daha da gərgin olacaq hər şey.
- "Lokomotiv” məsələsində yenilik var?
- Xeyr, hələ ki, heç bir yenilik yoxdu.
- Adının "Neftçi” ilə hallanması məsələsi haqda nə deyərdin?
- Heç bilmirəm bu xəbərlər haradan çıxıb.
- "Qarabağ”ı tərk edərək "Neftçi”yə keçməyin inandırıcı da gəlmir..
- Əgər "Neftçi”yə getsəm də belə, bu, "Qarabağ”ın qərarı ilə olacaq. Rəhbərlik və baş məşqçi məsləhət görsə ki, "Neftçi”yə "get”, gedəcəm. Əlbəttə ki, razılıq verilsə gedərəm. "Qarabağ”da qalıb-qalmamağıma məşqçilər korpusu qərar verəcək. Bundan əvvəl də demişəm ki, Allah nəsib etsə karyeramı elə "Qarabağ”da başa vurmaq istəyirəm. Ancaq qismətdi, görək də necə olacaq. Çox istəyirəm, ancaq istəməklə olmur.
- Naxçıvanda keçiriləcək "Qarabağ”- "Qəbələ” finalı haqda fikrin necədir?
- Açığı qarşımızda hirsli, əsəbi komanda olacaq. Çempionatın stressini, yorğunluğunu, uğursuzluğunu kubok görüşündə bizdən almaq istəyəcəklər. Sanki revanş olacaq.
- Səncə, "Qəbələ”nin sən deyən kimi əsəbi olması "Qarabağ” üçün üstünlükdür?
- Üstünlük ola bilər. Amma hər halda "Qəbələ” də əsəblərinə nəzarət edən komandadı. Ağır, maraqlı oyun olacaq. Üstəlik hələ ilk dəfə Naxçıvanda oynayacağıq ki, bu da mənim üçün beynəlxalq arena kimi bir şey olacaq. İnşallah komandam üçün yaxşı olar.