Hollandiya Krallığının Futbol İttifaqı milli komandanın yeni baş məşqçisinin adını açıqlayıb. 
Sportnet.az-ın məlumatına görə, bu, hazırda Türkiyənin "Fənərbağça" klubunun sükanı arxasında olan Dik Advokatdır. 
Onun köməksiçisi Rud Qullit olacaq. Hər iki mütəxəssislə 2018-ci il dünya çempionatının seçmə tsiklinin sonunadək müqavilə bağlanılıb. Bununla da 70 yaşı sentyabrın 27-də tamamlanacaq Advokat "narıncılar"ın ən yaşlı baş məşqçisinə çevrilib. Onadək bu göstəricidə Qus Hiddink birinci idi. 68 yaşlı mütəxəssis Hollandiya yığmasını 2015-ci ilin iyununda tərk edib. Advokat isə bunadək 1992 - 1994 və 2002 - 2004-cü illərdə millinin baş məşqçisi olub. İlk dəfə onun komandası DÇ-1994-də 1/4 finaladək, ikinci dəfə isə AVRO-2004-də yarımfinaladək irəliləməyi bacarıb. 
Qeyd edək ki, Hollandiya millisi 5 turdan sonra 7 xalla A qrupunda 4-cü yeri tutur və "pley-off"da oynamağa imkan verən 2-ci pillədən 3 xal geri qalır. 









                 





    
    
    
    
    
    
    
    
    






















































