Avropa çempionu olduğumuz üçün çox sevincliyik.
Sportnet.az xəbər verir ki, ki, bu sözləri Slovakiyada təşkil olunan minifutbol üzrə Avropa çempionatının qalibi - Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis final görüşünün komanda üçün asan keçmədiyini bildirərək əlavə edib: “Final oyunu çətin oldu. Futbolçular yorğun idilər. Buna baxmayaraq, uşaqlara təşəkkür edirəm ki, toparlana bildilər və finalda möhtəşəm oyun nümayiş etdirdilər. Turnirdə ən çətin oyunlarımız Çexiya və Serbiya yığmalarına qarşı oldu”.
Gələcək hədəflərdən danışan məşqçi komandanın yeni uğurlar qazanmaq üçün çalışmağa davam edəcəyini vurğulayıb: “Bu, bizim işimizdir. Çalışacağıq ki, uğurlarımızın davamı gəlsin. Dünya çempionu olduqdan sonra əldə etdiyimiz tempi aşağı salmaq istəmirik. Qarşıdakı dövrdə də yeni hədəflər uğrunda mübarizə aparacağıq”.
Elşad Quliyev final qarşılaşması öncəsi futbolçularla psixoloji söhbətlər aparıldığını da qeyd edib: “Belə söhbətlərimiz oldu. Gün ərzində təxminən iki-üç dəfə komanda ilə görüşərək danışdıq”.
Xatırladaq ki, komandamız qitə çempionluğu uğrunda görüşdə Ukrayna seçməsini sınağa çəkib. Rəqibini 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi Avropa çempionu olub.
Yığmamız 2022-ci ildə də qitənin ən güclüsü olmuşdu.











































































