"Kəpəz"in qapıçısı Davud Kərimi Türkiyənin Ərzurum bölgəsində başa çatan hazırlıq prosesi barədə fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı qolkiper "sarı-göylər"in rəsmi saytına açıqlamasında təlim-məşq toplanışının qaydasında keçdiyini bildirib. O deyib: "Bizim yaxşı hazırlaşmağımız üçün gözəl şərait yaradılmışdı. Bunun üçün rəhbərliyə təşəkkür edirəm. Əzmlə, səylə çalışdıq. Məşqlər ağır keçdi. Əsasən fiziki hazırlıq üzərində işlədik. Yoxlama oyunları keçirdik. Görüşlər olan günlərdə də səhərlər məşq edib oyunlara çıxdıq. Yorğunluq fonunda çıxış etdik. Məncə, pis oynamadıq. Bizim üçün əsas olan belə oyunlar yox, çempionat matçlarıdır. Qarşıdakı mövsümdə azarkeşləri sevindirməyə çalışacağıq".
Qeyd edək ki, Ərzurum toplanışı müddətində "Kəpəz" Türkiyənin I Liqa təmsilçiləri ilə qarşılaşıb. "Kəpəz” ilk oyunda "Samsunspor”a 1:2, daha sonra "Ankaragücü”nə 0:2 hesabı ilə uduzub, son yoxlama matçında isə "Elazığspor”la heç-heçə edib - 0:0.