ABŞ-ın maliyyə nazirliyi İspaniyanın "Barselona” klubunun sabiq futbolçusu Rafael Markesi narkotik ticarəti ilə məşğul olmaqda şübhəli bilinən şəxslərin siyahısına daxil edib.
Sportnet.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Meksika yığmasının kapitanının ölkəsindən ABŞ-a narkotik maddələrin gətirilməsində iştirak etdiyi güman olunur.
Məşhur narkobaron Raul Flores Ernandeslə əlaqədə şübhəli bilinən siyahıda 21 şəxsin və 43 təşkilatın adı yer alıb. R.Markeslə yanaşı, tanınmış müğənni Xulio Sezar Alvares də şübhəlilər arasındadır.
Artıq ABŞ tərəfindən 38 yaşlı mərkəz müdafiəçisinin hesabları dondurulub, vizası isə ləğv edilib. Futbolçu isə Meksika Baş Prokurorluğuna ərizə ilə müraciət edib.
Qeyd edək ki, hazırda Meksikanın "Atlas” klubunun formasını geyinən Rafael Markes 2003-2010-cu illərdə "Barselona”da çıxış edib.