Azərbaycan Premyer Liqasının I turunda səfərdə "Zirə”yə 1:2 hesabı ilə uduzan "Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, Əliyev əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- Komanda sıfırdan yığılıb. Bu gün bir ay oldu ki, bir yerdəyik. Avroliqada oynamış komandaya qarşı çıxış etdik. Qorxurduq ki, ilk 10-15 dəqiqədə qol buraxaq. Qorxduğumuz başımıza gəldi. Sonradan toparlanaraq, bir neçə qol vəziyyəti yaratsaq da, istifadə edə bilmədik.
- Müdafiədə boşluqlar var idi. Bu boşluqları doldurmaq üçün yeni oyunçular alına bilər?
- Boşluqların olması normaldır. Çünki yeni komandadır. Həm də müdafiədəki oyunçuların çoxunun 20-21 yaşı var. Hazırda heyətdə 25-26 futbolçu var.
- Bu gün bir az aqressiv görünürdünüz. Əvvəllər "Neftçi”də çalışanda belə deyildiniz...
- Düzdür, bir az aqressiv idim. Çalışacağam ki, gələn oyunlarda belə olmasın və əlimizdəki futbolçulardan maksimum istifadə edək.
- "Səbail”in məqsədi nədir?
- Bu mövsüm əsas məqsədimiz yüksək liqada yerimizi qorumaqdır. Növbəti mövsümdən sonra isə yüksək yerlər uğrunda mübarizə aparmalıyıq. Bu il də mövsümün gedişindən asılı olaraq məqsədimiz dəyişə bilər.