"Artıq 3 oyundur qalib gəlirik. Qələbə qazanmaq həqiqətən də çox gözəl hissdir. Komanda çox yaxşı vəziyyətdədir".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Rəhman Hacıyev "Sumqayıt"la keçirəcəkləri Topaz Premyer Liqasının X tur matçından əvvəl klub televiziyasına açıqlamasında deyib. 24 yaşlı yarımmüdafiəçi bildirib ki, "gənclik şəhəri" təmsilçisi ilə qarşılaşma komandası üçün çox önəmlidir: "Çünki qalib gəlsək, 4-cü pilləyə yüksələcəyik. Bundan əlavə, komandada əhval-ruhiyyə yaxşıdır. Məşqlər və kollektiv daha yaxşıdır. İnanıram ki, qələbə qazanacağıq".
Hacıyev ən çox azarkeşlərin üzünü güldürdükləri üçün sevindiklərini bildirib: "Onlar həmişə - pis və ya yaxşı günümüzdə yanımızda olublar. Sağ olsunlar. Bu oyunda da onlardan çox şey aslıdır. Onlar bizim üçün 12-ci oyunçudurlar. Bizim üçün azarkeşlərin dəstəyi çox önəmlidir. "Sumqayıt"la görüşdə də onları gözləyirik. İnanıram ki, azarkeşləri sevindirəcəyik".
Qeyd edək ki, oktyabrın 29-da "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sumqayıt" matçı saat 18:00-da başlanacaq.









































































