"Neftçi"nin və Azərbaycan milli komandasının futbolçusu Namiq Ələsgərovun Sportnet.az müsahibəsi
- Azərbaycan Premyer Liqasında keçirdiyi son 4 oyunda qalib gələn "Neftçi” növbəti turda "Zirə”nin qonağı olacaq. Bu görüşü sizin üçün ən ciddi sınaq saymaq olar?
- Komanda yavaş-yavaş özünə gəlir, vəziyyət yaxşıdır. "Zirə” ilə duel vacid oyunlardan biridir. Bu qarşılaşmaya da tam hazırlaşacağıq ki, müsbət nəticə qazanaq. Bir növ final matçı kimidir.
- "Neftçi”nin ardıcıl qələbələr əldə etməsini nə ilə əsaslandırardınız?
- O vaxtı da deyirdik ki, özümüzə inamın artması üçün bizə bir qələbə lazımdır. Ardıcıl qalibiyyətlərdən sonra isə durumumuz daha da yaxşılaşır.
- "Zirə” ilə oyun süni örtüklü meydançada keçiriləcək. Harada hazırlıq keçəcəksiniz?
- Hazırlıq prosesinə sabahdan başlayacağıq. Harada olacağına baş məşqçi qərar verəcək. Təbii qazondan süniyə keçəndə bir az çətin olur. Rəqib bu cür meydanda oynamağa vərdiş edib. Qalan müddət ərzində müsbət nəticə əldə etmək üçün yaxşı hazırlaşacağıq.
- Robert Prosineçkinin Azərbaycan milli komandasının baş məşqçisi postunda saxlanılmaması barədə nə deyə bilərdiniz?
- Bu, AFFA rəhbərliyinin qərarıdır. Mənim nəsə deməyim düzgün olmaz.
- Sizi ilk dəfə yığmaya məhz Prosineçki cəlb edib...
- Bəli, mənə çox dəstək oldu, yığmaya gələndən sonra dəvət göndərdi. Millidə oynamağıma köməkliyi dəydi. Bundan sonra onun yerinə kim gəlsə, özümü göstərməyə və yenidən dəvət almağa çalışacağam.
- Bu posta Qurban Qurbanovun gəlmək variantına necə baxırsınız?
- Qurban Qurbanov gəlsə, lap yaxşı. O, Azərbaycanın ən güclü məşqçilərindəndir. "Qarabağ”la böyük Avropa təcrübəsi var. Baş məşqçi məsələsin AFFA və namizəd olan şəxs qərar verəcək. Əsas odur ki, milli daha yaxşı nəticələr qazansın.
- Qurbanov həm yığmada, həm də "Qarabağ”da çalışsa, bu, sizin tərəfdən necə qarşılana bilər. Yəni, bu halda Ağdam klubuna çempionatda güzəştlər oluna bilər?
- Xeyr, inanmıram. Belə şey heç vaxt olmaz.