"Neftçi"nin futbolçusu Rəşad Sadiqov səfərdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XIV tur oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi əvvəlcə matçı dəyərləndirib...
- Son illərin çempionu "Qarabağ”a qarşı oynayırdıq. Bu komandanın güclü olduğunu hamı bilir. Yaxşı hazırlaşmışdıq. İlk hissəyə pis başladıq. Sanki futbolçularımızda qorxu var idi. Bəlkə də klubun adından çəkindilər. Qol buraxandan sonra komanda ikinci hissədə toparlandı və yaxşı futbol sərgiləməyə başladı.
- Bu məğlubiyyət avrokuboklara vəsiqə qazanmağınıza nə dərəcədə təsir göstərə bilər?
- Düzü, təsir göstərəcək. Bu oyunda xal da qazana bilərdik. Hər xal bizim üçün qızıla bərabərdir. Avrokuboklara vəsiqə qazanmaq istəyirik. Hər bir komandadan xal almağa borcluyuq.
- Komandalar "Qarabağ”ın adından çəkinirlər. Bu qorxunu atmaq üçün nə etmək lazımdır?
- Bu, bəzi futbolçuların daxilində var. Nə qədər deyirsən, xeyri yoxdur. Elə futbolçular var ki, həyacanlı olur. Özlərindən asılı deyil. Oynadıqca, təcrübə toplayandan sonra bu həyəcan olmayacaq.
- Bu gün komandanızın adı Mirhüseyn Seyidov və Nizami Hacıyev olayında hallanır. Bu məsələ ilə bağlı sənin də fikirlərini öyrənmək istərdik. Siz öz oyununuzda belə bir şey hiss etmisiniz?
- İnanmıram ki, kimsə elə bir şey etsin. Yəni, kimsə pul versin, kimsə oyuna müdaxilə etsin. Komanda bir az qələbə qazanandan sonra söz-söhbət başladı. Xatırlayırsınızsa, "Neftçi” Avropa Liqasının qrupuna düşəndə də belə ifadələr işlədirdilər. "Qarabağ”ın uğurunda da həmçinin. Mən inanmıram elə bir məsələ olsun. Əllərində sübut varsa, nəsə eləyəcəklər.
- İki yarımmüdafiəçinin komandanın uduzmasını təşkil etməsi nə dərəcə realdır?
- Əsas komandanın arxa xəttidir. Müdafiəçilər və qapıçı. Mən inanmıram ki, komanda şəklində getsinlər.
- Futbolçu etiraf edir ki, bilərəkdən oynamayıb. Sənin üçün bu, gözlənilməz oldumu? Neçə il birlikdə çıxış etmisiniz...
- Nəyə görə etiraf etdiyini bilmirəm. Onu özündən dəqiq soruşmaq lazımdır. Ola bilsin ki, kiminləsə söhbət edib, o da bu cür yanlış informasia yayır. Gərək hər iki tərəf dinlənilsin. Ola bilsin, rəhbərlik də nəsə deyib. Hər şey ola bilər. Aralarında gərginlik ola bilər. İki tərəfi də qarşı-qarşıya qoyub, ikisini də dinləmək lazımdır. Bu məsələnin həqiqətən olduğunu bilmək lazımdır. Birtərəfli dinləyib, birtərəfli qərar vermək düz olmaz. Günahı futbolçulara atmayaq. Çünki qarş tərəfi dinləməmişik. Belə şeylərə bir az həssas yanaşmalıyıq.
- Futbolçular günahkar olsalar, belə qərar çox ağır deyil?
- Məncə, günahkar olsalar, qərar ağır deyil. 20 ildən çoxdur ki, futboldayam. Həmişə demişəm ki, kimsə oyun satırsa, o, futboldan kənarlaşdırılmalıdır. Komandada 23 futbolçu olur. 1-2 nəfər onların haqqına girir və nəsə edirsə, onlar kənarlaşdırılmalıdır. Həqiqətən oyun alqı-satqısı olubsa, AFFA-nın qərarı düzgündür.
- Qeyd etdin ki, "Neftçi” Avropa Liqasına vəsiqə qazananda da klubun adını belə əməllərdə hallandırırdılar. Onda belə çıxır ki, bu məsələ komandaya qarşı atılmış bir adımdır?
- Onları "İnter Arena”da da 2:0 hesabı ilə məğlub etmişik. Açıq futbol oldu. Onlardan üstün olduq. Keçən il də "İnter”i məğlub etmişik. "İnter” neçə oyundur məğlub olur. O klubda atmosfer pisdir. Büdcələri yoxdur. Bu büdcə ilə komandanı qura bilməzlər. Futbolçu ala bilmirlər. Futbolçu klubu tərk edir. Belə komanda qurmaq olar? Ona görə də məğlubiyyətlər qaçılmazdır. "Neftçi” də 5 oyuna 1 xal toplamışdı.
- Futbolçular ilə söhbət etmək, onlara dəstək olmaq barədə düşünürsən?
- Hələ danışmamışıq. Amma danışacağam. Mirhüseyn də gəncdir. Nizami də neçə il Azərbaycan futbolunun şərəfini qoruyub. Söhbət etmək, araşdırmaq lazımdır. Sonra dəstəyimizi verərik.