"Kəpəz"in baş məşqçisi Yunis Hüseynov evdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri Topaz Premyer Liqasının XXI tur matçından sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis əvvəl oyunu dəyərləndirib....
- Premyer Liqadakı fasilə müddətində məşqlərimizi Bakıda edirdik. Bununla belə, yoxlama oyunu keçirə bilmədik. Səbəb bəzi klubların oynamaq istəməmələri oldu. Məhz buna görə də bugünkü oyunun birinci hissəsində komandamız özünə gəlməmişdi. Lakin ikinci hissədə pis təsir bağışlamadılar. Əvvəlki görüşlərdə 5 qoldan 4-nü 85-ci dəqiqədən sonra buraxmışdıq. Bu gün də axırıncı dəqiqələrdə rəqibin qol imkanı oldu. Sevinirik ki, bu gün 90-cı və ya uzatma dəqiqəsində qol buraxmadıq. Amma bizim də yaxşı imkanlarımız oldu. Bunlardan yararlansaydıq, qələbə qazana bilərdik. "Zirə"yə qarşıdakı oyunlarda uğurlar arzulayıram. Bizim də irəlidə ağır oyunlarımız var. Əslində bizim üçün bütün oyunlar ağırdır. Amma bəzi futbolçularımız zədəlidirlər. Bugünkü oyunda da bir neçə futbolçumuz zədələndi. Aprelin 7-də keçirəcəyimiz növbəti matçadək onların hazır olub-olmamalarına baxacağıq. Digər tərəfdən, "Bico (Quli Manjqaladze - red.) heç nədən sarı vərəqə aldı, növbəti qarşılaşmada iştirak edə bilməyəcək. Orta xətdə əsas oyunçularımızdan biri o idi. Çalışacağıq ki, onun yoxluğunu hiss etdirməyək, zədəliləri qısa müddətdə sağaldaq və növbəti turda "Keşlə"yə qarşı doğma meydanda əzmkar oyun göstərək.
- Qarşıda ardıcıl ev oyunlarınız var. Bununla əlaqədar Gəncəyə köçməyi planlaşdırmırsınız?
- Hələ qış fasiləsində belə bir niyyətdə olduğumuzu açıqlamışdıq. Bundan sonra hər oyundan 3-4 gün əvvəl Gəncəyə gələcəyik. Burada məskunlaşacaq, məşqlərimizi edəcək və ardıcıl 3 ev oyunumuza çıxacağıq. Sabah istirahət. Ondan sonra Bakıda bir gün trenajor zalında məşq edəcək, aprelin 4-də isə Gəncəyə qayıdacağıq.
- Olmazmı ki, elə bu iki günü də doğma şəhərdə keçirəsiniz?
- Xeyr. Sabah istirahət günümüzdür. Qoy, futbolçular gedib istirahətlərini etsinlər də (gülür - red). Burada problemli bir şey yoxdur. Yorğunluq olacağını düşünmürəm. Legionerlərin və bir çox futbolçumuzun ailələri Bakıdadır. Ona görə də paytaxtda yığışaraq, birisigün Gəncəyə gələcəyik.
- Roman Hüseynov ilk yarının sonlarında əvəzlənməsini narazılıqla qarşıladı. Fasilə vaxtı siz onu sakitləşdirirdiniz...
- Yox, mən heç kimi sakitləşdirmirdim. Amma həyatı boyu mənə heç kim etiraz edə bilməz. Onu heç vaxt bağışlamaram.
- Hüseynov bəlkə də ilk dəfədir Premyer Liqada start heyətdə meydana çıxır. Ona "Kəpəz"də bu şansı siz vermisiniz. Normal oyun təcrübəsi də yoxdur ki, sizə etiraz etsin...
- Mənə etiraz edən futbolçu komandada ola bilməz. Buna həyatı boyu icazə vermərəm. Heç kim də cürət edə bilməz ki, etiraz bildirsin. O kadrlara da baxmamışam. Baş məşqçinin bütün fikri-zikri oyunda olur. Romanı oyundan aldığım vaxt əlimi uzatdım, o da əlini uzatdı. Oyundan sonra özü ilə danışanda da bir problem görməmişdim. Bilsəm ki, mənə etiraz edib, onunla tam başqa cür danışa, cəzasını verə bilərəm. Yaxşı kollektiv qururuqsa, bir ailəyiksə, heç kim heç kimə etiraz edə bilməz. Komanda yaxşı oynayaraq, xal qazanırsa, bu, hamımızın sevinci olmalıdır.
- Manjqaladze 4 sarı vərəqədən 3-nü yersiz alıb...
- Elə deməzdim. "Sumqayıt" və "Səbail"lə matçlarda sürüşmə fəndlərini etməsi səbəbindən sarı vərəqə alıb. Bu gün isə ona hakimə etiraz etdiyi üçün sarı vərəqə göstərildi. Buna görə klubumuz tərəfindən cəzasını alacaq. Paltardəyişmə otağında Quliyə sözlərimi deyib çıxmışam. Heç nədən önündə sarı vərəqə görən futbolçu cəzasını alır. Amma oyun epizodlarındakı vərəqələr normaldır. Ona, Dario Frederiko və İlkin Sadıqova əvvəldən də tapşırmışdım ki, diqqətli olsunlar. Çünki hər 3-ü limitə yaxınlaşmışdı. Amma Manjqaladze hakimə etirazı səbəbindən vərəqə aldığı üçün cəzalandırılacaq. Daha dəqiqi, cərimələnəcək ki, bu da bizim intizam kodeksində əksini tapıb.
- Oyunun sonlarında futbolçulara tempi salmağı tapşırırdınız. Bu, nədən irəli gəlirdi: Heç-heçə ilə razılaşmışdınız, yoxsa çatdırmırdınız?
- Çatdırmamaqdan söhbət getmirdi. Hücumları rəqibin cərimə meydançası yaxınlığında başa vururduq. Açığı, 85-ci dəqiqədən sonra o qədər qol buraxmışıq ki, sona 3 dəqiqə qaldığı vaxt "bir az sakitləşin, top saxlayın" deyə göstəriş verirdim. Bu, "oyunu gecikdirin" demək deyil. Sadəcə, topu saxlamaq lazım idi. "İrəli gedim, qol vurum" fikrinə düşsəydik, əks-hücumlarda bizə qol vura bilərdilər. İstəyirdim ki, top arxadan irəli ötürsün, vaxtı apara bilək. Yalnız 85-ci dəqiqədə qollar buraxma tendensiyamıza görə ehtiyatlanırdım. Amma ümumilikdə hər zaman "Topu götürən kimi irəli gedin" göstərişini vermişəm.