Gələn mövsüm "Sumqayıt"ın büdcəsində və strategiyasında dəyişiklik baş verməyəcək.
Bu barədə Sportnet.az-a klubun Müşahidə Şurasının üzvü və vitse-prezidenti Vaqif Ömərov məlumat verib. Onun sözlərinə görə, "Azərikimya" İstehsalat Birliyi yenə baş sponsor olaraq qalır: "Stadionumuzda yenilənmə işləri klubun büdcəsi yox, "Azərikimya"nın ayırdığı əlavə vəsait hesabına aparılır. Strategiyamıza isə gələn mövsümdə də sadiq qalacağıq. Yəni, yenə yerli futbolçularla çıxış edəcəyik. Komandadan kimin gedəcəyinə və heyətə hansı futbolçuların cəlb olunacağına yeni baş məşqçimiz qərar verəcək".
Qeyd edək ki, "Sumqayıt"ın Müşahidə Şurası bugünkü iclasında Nazim Süleymanovun baş məşqçi təyinatına namizədliyini bəyənib.