Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 7 qarşılaşma keçirilib. Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan "Astana"sı Danimarka "Mityulland"ına son dəqiqə qolu ilə qalib gəlib - 2:1. Yeni klubunda debüt edən Almeyda 76-cı dəqiqədə meydana girib və bundan 5 dəqiqə sonra sarı vərəqə alıb. "Qarabağ"ın daha bir sabiq futbolçusu Pedro Enrike isə start heyətdə yer alıb. O, 85-ci dəqiqədə əvəzlənib.
"Qəbələ"nin sabiq futbolçusu Lorentso Ebesilyo Serbiya "Srvena Zvezda"sının heyətində Litva "Suduva"sı ilə görüşdə fərqlənib. O, komandasının 3:0 hesabı ilə qalib gəldiyi görüşdə ilk qolun müəllifi olub.
Daha bir böyük hesablı qələbəyə Xorvatiya çempionu "Dinamo" (Zaqreb) imza atıb. Paytaxt təmsilçisi evdə İsrailin "Hapoel" (Beer-Şeva) komandasının qapısından 5 cavabsız top keçirib.
Gecənin sensasiyası isə Polşanın paytaxtı Varşavada qeydə alınıb. Hazırda "Qarabağ"da çıxış edən Yakub Jezniçakın keçmiş klubu "Legiya" öz meydanında vaxtilə "Karvan"ın UEFA Kubokundan kənarlaşdırdığı Slovakiyanın "Spartak" (Trnava) komandasına 0:2 hesabı ilə uduzub.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
23 iyul
18:00. "Astana" (Qazaxıstan) - "Mityulland" (Danimarka) - 2:1
Qol: Laslo Klyaynhaysler, 31; 90+4 - Qustav Vikhaym, 51
20:00. ÇFR (Kluj, Rumıniya) - "Malmö" (İsveç) - 0:1
Qol: Karlos Strandberq, 45
21:30. PAOK (Yunanıstan) - "Bazel" (İsveçrə) - 2:1
Qollar: Xose Kanyas, 32. Aleksandar Priyoviç, 80
22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Hapoel" (Beer-Şeva, İsrail) - 5:0
Qollar: İzet Hayroviç, 22. Mislav Orşiç, 28. Ariyan Ademi, 51; 62. Armin Hociç, 82
22:15. "Şkendiya" (Makedoniya) - "Şerif" (Moldova) - 1:0
Qol: Besart İbrahimi, 24
22:30. "Srvena Zvezda" (Serbiya) - "Suduva" (Litva) - 3:0
Qollar: Lorentso Ebesilyo, 23. Nemanya Radonyiç, 35; 58
23:00. "Legiya" (Varşava, Polşa) - "Spartak" (Trnava, Slovakiya) - 0:2
Qollar: Erik Qrendel, 16. Yan Vlasko, 90+3
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununu iyulun 25-də keçirəcək. Ağdam təmsilçisi səfərdə Albaniyanın "Kukesi" klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.