Albaniyanın "Kukesi" klubunun futbolçusu Yuli Şameti bu gün "Qarabağ"la keçirəcəkləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi layiqincə mübarizə aparacaqlarını bildirib. Kapitan növbəti mərhələyə vəsiqə üçün əllərindən gələni edəcəklərini bildirib: "Bu matçda bütün albaniyalıların gözləntilərini biz də gözləyirik. Beynəlxalq arenada yüksək səviyyədə çıxış edən komandaya qarşı oynayacağıq. Lakin biz layiqincə çıxış etmək istəyirik. Nəyə görə də növbəti mərhələyə can atmayaq?! Bura gəlmişiksə, deməli, keyfiyyətli komandayıq. Amma biz rəqibin əla keyfiyyətlərindən xəbərdarıq. Oyun zamanı əlimizə düşən hər fürsətdən yararlanmağa çalışacağıq. Ötən mövsüm Moldova "Şerif"inə qarşı oynadığımız kimi çıxış edəcəyimizə ümidvarıq".
Qeyd edək ki, bu gün Şkoder şəhərindəki "Loro Boriçi" stadionunda keçiriləcək "Kukesi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.