Əslən braziliyalı futbolçu Riçard Almeyda Qazaxıstan "Astana"sına keçdikdən sonra ilk dəfə Azərbaycan milli komandasına çağırılıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 29 yaşlı yarımmüdafiəçi UEFA Millətlər Liqasında Kosovo və Malta yığmalarına qarşı oyunlara çağırılıb. Baş məşqçi Qurban Qurbanov hələlik sentyabrın 7-də evdə, sentyabrın 10-da isə səfərdə keçiriləcək görüşlər üçün heyəti açıqlamayıb. Bununla belə, artıq legionerlərə dəvət göndərilib.
Qeyd edək ki, Riçard Almeyda "Astana" ilə iyulun 4-də müqavilə bağlayıb. O, 2017-ci ildən çıxış etdiyi Azərbaycan yığmasında hələlik 8 oyun keçirib.






































































