UEFA İntizam Komitəsi Rusiyanın "Spartak" və Yunanıstanın PAOK klublarını cəzalandırıb.
Sportnet.az-ın məlumatına görə, buna iki komanda arasındakı Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları zamanı baş verənlər səbəb olub. PAOK azarkeşlərinin ev arenasında pilləkən keçidlərini bloklamaları və oyun zamanı lazer göstəricilərindən yararlanmaları üzündən 22 min avro cərimə edilib. "Spartak" isə cavab görüşündə pilləkən keçidlərinin bloklanması və qadağan olunmuş şüarların səsləndirilməsi ilə əlaqədar 31 min avro ziyana düşüb.
Qeyd edək ki, ilk oyunda PAOK 3:2 hesabı ilə qalib gəlib. Cavab görüşündə isə hesab açılmayıb - 0:0.