Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında II tur matçına çıxıb.
Sportnet.az xəbər verir ki, milli komanda D Liqasında 3-cü qrupun oyununda Maltanın qonağı olub. Ta Qali Milli Stadionunda keçirilmiş görüş bərabərliklə nəticələnib - 1:1. Hesabı 10-cu dəqiqədə meydan sahiblərinin futbolçusu Andrey Acus açıb. O, Bədavi Hüseynovun cərimə meydançası daxilində rəqib futbolçuya etdiyi kobudluqdan sonra penaltini dəqiq yerinə yetirib. Azərbaycan millisi bərabərlik qolunu 26-cı dəqiqədə vurub. Riçard Almeydanın vurduğu cərimə zərbəsindən sonra rəqib qapıçı Endryu Hoqq topu qaytarsa da, Təmkin Xəlilzadə təkrar zərbə ilə fərqlənib. Bu, "Qəbələ"dən dəvət almış cinah oyunçusunun millidə ilk qolu olub. Xəlilzadə yığmada fərqlənən 62-ci futbolçu kimi tarixə düşüb.
Bundan az sonra qonaq komanda daha bir zərbə alıb. Sağ cinahda çıxış edən Pavlo Paşayevin qarşısı kobudluqla alınıb. Nəticədə Paşayev zədələnərək, oyuna davam edə bilməyib. O, 34-cü dəqiqədə yerini Ürfan Abbasova verib. Digər əvəzləmələr isə fasilədən sonra gerçəkləşdirilib. 56-cı dəqiqədə Cavid İmamverdiyev Emin Mahmudovu, 68-ci dəqiqədə Ramil Şeydayev Rauf Əliyevi əvəzləyib.
Kosovo ilə ilk tur matçında olduğu kimi, bu dəfə də Azərbaycan millisi ikinci hissədə daha fəal təsir bağışlayıb. Baş məşqçi Qurban Qurbanov ötən oyunla müqayisədə start heyətdə etdiyi 3 dəyişiklik - Ürfan Abbasovu Təmkin Xəlilzadənin, Ruslan Qurbanovu Dmitri Nazarovun, Ramil Şeydayevi isə Rauf Əliyevin əvəzləməsi də öz sözünü deyib. Heyət daha çox hücumameylli oyunçulardan qurulsa da, çoxsaylı hücumu məntiqi sonluğa çatdırmaq mümkün olmayıb. Beləliklə, ardıcıl ikinci görüşdə qələbə qazanmaq mümkün olmayıb.
Bu nəticədən sonra Azərbaycan millisi xallarını 2-yə çatdırıb və paralel oyunda Kosovonun Farer adalarını 2:0 hesabı ilə məğlub etməsi səbəbindən 3-cü pilləyə enib. Kosovo 4 xalla 1-ci pilləyə yüksəlibsə, 3 xalı olan Farer adaları 2-ci pilləyə enib. 1 xala malik Malta isə sonuncudur.
Qeyd edək ki, qarşılaşmanı AFFA-nın prezidenti Rövnəq Abdullayev başda olmaqla, milli assosiasiyanın rəsmiləri, eləcə də bir qrup azərbaycanlı azarkeş də izləyib.
----------------------------------------
Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında ikinci oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Ta Qali Milli stadionunda Malta yığmasının qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
D Liqasının 3-cü qrupunda yer alan komandalar ilk matçlarda fərqli nəticələr göstəriblər. Meydan sahibləri səfərdə Farer adalarına 1:3 hesabı ilə uduzubsa, qonaqlar Bakıda Kosovo yığması ilə heç-heçə edib – 0:0.
Malta və Azərbaycan komandaları indiyə qədər 6 dəfə qarşılaşıblar. 1994, 2000 və 2002-ci illərdə baş tutmuş duellərdə "cırtdanlar” müvafiq olaraq, 5:0, 3:0 və 1:0 hesabları ilə qalib gəliblər. Bu görüşlərdən ikisi yoldaşlıq matçı olub, biri isə beynəlxalq turnirə təsadüf edib.
Milli 2013-cü ildə keçirilən yoldaşlıq oyununda tilsimi qıraraq 3:0 hesabı ilə qalib gəlib. 2016-cı il Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan maltalılar Bakıda 2 cavabsız qolla uduzuduqları halda, evdə heç-heçə ediblər – 2:2.
Malta millisi bu il keçirdiyi 5 oyunun heç birində qələbə qazana bilməyib. Rəqib Farer adaları ilə yanaşı, yoldaşlıq matçlarında Lüksemburq (0:1), Finlandiya (0:5) və Gürcüstana (0:1) uduzub, Ermənistanla isə heç-heçə edib (1:1).
Ötən ilin noybarında baş məşqçi təyin olunan Qurban Qurbanov Kosovo ilə matçdan əlavə, komandanı 6 yoldaşlıq görüşünə çıxarıb. Moldova (0:0) və Makedoniya (1:1) ilə heç-heçə edən yığma Belarusla (0:1) Qazaxıstana (0:3) uduzsa da, Qırğızıstan (3:0) və Latviyanı məğlub edib (3:1).
UEFA Millətlər Liqası
D Liqası, 3-cü qrup
II tur
22:45. Malta – Azərbaycan - 1:1
Qollar: Andrey Acus, 10 (p.) - Təmkin Xəlilzadə, 26
Baş hakim: Nikola Dabanoviç
Yan xətt hakimləri: Milutin Cukiç, Yovitsa Tatar
Dördüncü hakim: Aleksandar Cikanoviç
Əlavə köməkçi hakimlər: Milovan Milaçiç, Miloş Boşkoviç (hakimlər briqadası Montoneqrodandır)
Hakim-inspektor: Luk Vilymas (Lüksemburq)
UEFA nümayəndəsi: Qrem Hover (İngiltərə)
Malta. Ta Qali Milli stadionu.