"Dünyanın ən güclü çempionatında iştirak edən komandaya qarşı oynayırıq. Çox ciddi məşqçilər İngiltərədə işləyir. Yaxşı hazırlaşmışıq. Əlavə şərhə ehtiyac yoxdur. Çalışacağıq ki, yaxşı mübarizə aparaq, istədiyimiz oyunu nümayiş etdirək”.
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin II turunda evdə İngiltərənin "Arsenal” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl deyib.
46 yaşlı mütəxəssis Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.
- Henrix Mxitaryanın Bakı gəlməməsinə münasibətiniz necədir. Bu, bizim üçün üstünlükdür?
- Futbolun siyasətə qarışmasını istəməzdim. Amma bəzən bunsuz mümkün deyil. Belə hallarda hər bir klub öz futbolçusunu daha da qoruyub saxlamaq istəyir, əlavə söz-söhbət olması haqda düşünmək istəmir. İdmanda belə hallara rast gəlmişik. Bura gələn və normal qarşılanan idmançılar da olub. Təbii ki, təzyiqlər olub və bu, normaldır. Elə insanlar var ki, müharibədə öz əzizlərini itirib. Ola bilər emosiolarını saxlaya bilməzlər. Eyni anda 10-15 nəfər təzyiq edirsə, bu hamının etirazı deməkdir. Ona görə klub düzgün addım atıb. Mxitaryanın olmaması hamımız üçün yaxşıdır. Onun oyundan qorxmağa yox, digər məsələyə görə.
- Donlad Gerryenin yoxluğunda Abbas Hüseynova, yoxsa Ansi Aqolliyə şans verəcəksiniz?
- Tək Gerye yox, bir neçə futbolumuz oynamır. Təxmini heyəti bilirəm. Amma hələ vaxtımız var. Sabah oyunda qəti qərar veriləcək.
- Unai Emerinin komandası Arsen Vengerin dövründəki "Arsenal”dan hansı elementlərə görə fərqlənir?
- Onların oyununu izləmişəm. Emerinin daha qol vurmağı tələb etdiyi oyunçularının açıqlamalarından da görünür. "Arsenal”ın kökü var. Nə qədər yeni məşqçi gəlsə də, onlar topla oynamağı çox xoşlayırlar. Emeri bu cür turnirlərdə çox təcrübəlidi. İşlədiyi klublarda böyük uğurlar əldə edib. Xüsusən də Avropa Liqasında. Hiss olunur ki, komandada sürətli oyunçuların sayı çoxalıb. Bu, bugünki futbolda önəmli amildir. Sabah bəzən onlara qarşı təkcə topla yox, mübarizədə diqqətli olmalıyıq. Arsen Vengerin oyunun öz gözəlliyi, Emerinin oyunun öz gözəlliyi var.
- "Qarabağ” "Arsenal”dan xal ala biləcək?
- Bu cür klubların Azərbaycana gəlməsi ölkə futbolu və bizim üçün böyük təcrübədir. Futbolun sevilməsi üçün şansdı. Azarkeşlərimiz belə oyunlara daha çox böyük maraq göstərir. Hər oyundan sonra 2-3 min azarkeşimiz çoxalırsa, yaxşıdır. Amma hər şeyə real baxmaq lazımdır. Belə böyük klublara qarşı oynamışıq və uğurlu oyunlarımız da olub. Azarkeşlərimizi tək nəticə yox, mübarizəmizlə də razı salaq.
- Psixoloji baxımdan vəziyyət necədir?
- Hər şey normaldır. Futbolçularımızın da böyük təcrübəsi var. Məncə, psixoloji tərəfdən problem olmayacaq. Futbolçularımız rahat, həzz almaq üçün özlərini yaxşı tərəfdən göstərəcəklər.
- İngiltərə mətbuatının yazdığına görə, "Arsenal”ın oyuna ikinci heyətlə çıxacaq. Bu, bizim üçün müsbət haldır?
- "Arsenal”da ikinci heyət var? İnanmıram ki, oradakı oyunçular ikinci heyət sayılsın. Biz bilirik ki, "Arsenal”a qarşı oynayırıq.
- "Kukesi”, "Şerif”lə görüşlərdə stadion dolmurdu. Amma bu dəfə fərqli olacağı gözlənilir. Azarkeşlər üçün rəqib komandanın adı daha çox önəmlidir...
- Böyük klublara qarşı maraq tam başqa olur. İstər-istəməz azarkeş bunu hiss edir, onları görmək istəyir. Özümüzdə böyük klublara maraq göstəririk. Bizim üçün stadionun dolu olması vacibdir. Amma heç vaxt təkcə stadionda olanları düşünməmişik, azarkeşlərimiz çoxdur. O qədər azarkeş tanıyıram, stadiona gəlmir, amma ən sadiq azarkeşlərimizdən biridir.
- Bu mövsüm yenidən "Çelsi”yə qarşı oynasaydınız, necə olardı?
- "Çelsi”də indi başqa məşqçidir, fərqli futbol oynayırlar. İngiltərə klublarını ayırmaq istəmirəm. Hamısı eyni səviyyədədir.
- Maksim Medvedev oyundan sonra formalarını dəyişir buna münasibətiniz necədir?
- Maksim Medvedevə rəqib futbolçularla forma dəyişməsinə normal baxıram. Bəlkə də futbolçu olduğum dövr olsaydı fərqli düşünərdim. Amma indi bunu adi hal hesab edirəm. Əksər futbol oyunlarından sonra formalar dəyişdirilir.