"Bu dəfə daha yaxşı oynadıq. Heyətlə bağlı problemlərimiz var idi. Üç futzalçımız cəzalı, biri isə zədəli olduğuna görə bizə kömək edə bilmədi. Meydana buraxdığım oyunçuların əksəriyyəti arxada qalan 2 qarşılaşmanı əsasən ehtiyatda keçirmişdilər. Oyunun əvvəlində həyəcanlı olsalar da, bunu tez dəf etdilər. Birinci hissədə daha yaxşı çıxış etdik".
Sportnet.az xəbər verir ki, bunu futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində son oyununu keçirən "Araz” komandasının baş məşqçisi Joze Alesio Da Silva qarşılaşma ilə bağlı federasiyanın rəsmi sayına açıqlamasında deyib. Braziliyalı mütəxəssis bildirib ki, heyətlə bağlı problem ikinci hissədə özünü göstərib: "Oyunu cəmi 6 futzalçı ilə keçirməyimiz yorğunluğa səbəb oldu".
Joze Alesionun sözlərinə görə, indi kiçik klub anlayışı qalmayıb: "İlk gündən qrupun favoritinin "Vytis” olduğunu demişdim. Nəticələr fikrimdə yanılmadığımı göstərdi. Qrup mərhələsini 3 xal qazanmadan başa vurmağımız yaxşı hal deyil. Ancaq hər üç oyunda qələbə qazanmağa yaxın idik. Problemimiz qol epizodlarından düzgün istifadə edə bilməməyimizlə bağlıdır. Uşaqlar mübarizə apardılar. Yekun hamımız üçün üzücüdür”.
Qeyd edək ki, "Araz" Çempionlar Liqasının əsas mərhələsini 3 oyundan 1 xalla başa vurub.