Hazırda "Astana" klubuna rəhbərlik edən Roman Qriqorçuk Qazaxıstan Premyer Liqasında mart ayının ən yaxşı baş məşqçisi seçilib.
Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis Qazaxıstan Peşəkar Futbol Liqasının apardığı sorğuda qalib olub. Sorğuya elita komandalarının baş məşqçiləri qatılıb. Onlar hərəyə bir baş məşqçinin adını göstəriblər. Nəticədə Qriqorçuk birinci yeri tutub. İkinci yer isə onun "Tobol"dakı həmkarı Vladimir Qazzayevə nəsib olub.
Qeyd edək ki, Roman Qriqorçuk "Astana"dan əvvəl "Qəbələ"nin baş məşqçisi olub. "Tobol"da isə Azərbaycan millisinin qapıçısı Emil Balayev çıxış edir. Ötən ay "Astana" Qazaxıstan Super Kubokunu qazanıb və Premyer Liqada 4 oyunun hamısından qalib ayrılıb. "Tobol" isə çempionatdakı hər 3 görüşünü qələbə ilə başa vurub.