Azərbaycan milli komandasının futzalçısı Vitali Borisov azfutzal.az-ın suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Aprelin 11-də və 12-də Latviya ilə keçirdiyiniz yoldaşlıq görüşlərini necə xarakterizə edərdiniz?
- Maraqlı, gərgin iki oyun keçirdik. Müqayisə etsək, birinci oyunda daha yaxşı çıxış etdik. İkinci qarşılaşmada zəif çıxış etməyimizə təsir edən səbəblər oldu. Üstəlik, oyunun keçirildiyi meydanın ölçüləri də standartlara uyğun deyildi. Düzdür, hər iki komanda üçün şərait eyni idi. Amma meydanın eni 20 metr olmalıdır, burada 22 metr idi. Qarşıdakı günlərdə Serbiyada iki oyun keçirəcəyik və bu qarşılaşmaların da bizim üçün faydalı olacağına əminəm.
- Hər iki oyundan sonra baş məşqçi, eləcə də komanda yoldaşlarınız yorğunluğu qabardırdı. Bu amil səfər oyununuza çox təsir etmişdi?
- Ola bilsin, təsir etsin. Çünki iki təyyarə dəyişmək, aeroportda gözləmək mənfi təsir edə bilər. Məncə, əsas səbəb başqadır. Komanda şəklində çoxdan idi toplaşmır, məşq etmir, standartlar üzərində işləmir, oyun keçirmirdik. Yol yorğunluğu hər zaman olur. Biz vacib olan “ev tapşırıqları”nı icra edə bilmədik.
- Baş məşqçi Joze Alesio da Silvanın standartlarla bağlı tapşırıqlarını daim yerinə yetirirsiniz. Hər dəfə yenilik olur?
- Tapşırıqlar dəyişir. Bunu bir məşqdə öyrənmək çətindir. Həm də 4 saniyə ərzində qərar verməli, necə yerinə yetirməli olduğunu düşünməlisən. Bu da çox çətindir.
- Tək standartlarla bağlı yox, müdafiədən çıxan zaman da çoxsaylı ssəhvlər edirdiniz...
- Ötürmələr zamanı hər kəs səhvə yol verə bilər. Futzalda bu, qaçılmazdır. Texniki səhvlər hər zaman olur.
- Növbəti oyunlar Serbiyaya qarşı olacaq. İki gün ərzində Braziliya millisi ilə iki ardıcıl oyun keçirmiş və daha yaxşı tanıdığınız rəqiblə oyunlar haqda nə düşünürsünüz?
- Serbiya – Braziliya oyunlarını izləyə bilmədim, amma fraqmentlərinə baxdım. Braziliya yığması məğlub olduğu ilk matçda rəqib qapısına 25 zərbə endirdi. Serblərin qapıçısı əla oynadı. Üçüncü qolu isə boş qapıya vurdular. Bu oyun göstərdi ki, hər kəs futzal oynaya bilir. Hətta rəqibin Braziliya kimi titullu komanda olsa belə, ona qarşı mübarizə apara bilərsən. Serbiya yığması texniki cəhətdən yaxşı komandadır. Oyunçuları atletik baxımdan da seçilirlər. Üstəlik, azarkeşləri də hər zaman oyunları izləmək üçün zallara gəlirlər. Bu dəfə də istisna olmayacaq. Çünki serblər idmanı sevirlər.
- Əsasən nəyə diqqət etməlisiniz?
- Gərək öz oyunumuzu tutaq. Serbiyanı təhlil etmək vacib deyil. Bizim öz yolumuz var. Baş məşqçimiz istəyir ki, onun tapşırıqlarını yerinə yetirək. Çünki oktyabrda keçiriləcək rəsmi oyunlara hazırlaşmalıyıq və daha vacib tapşırığımız olacaq. Səhvləri görməli, işləməliyik.
- Hazırkı yığma rəsmi oyunlara nə qədər hazırdır?
- Hardasa 50-60 faiz hazırıq. Ancaq vaxtımız az deyil. Əvvəllər millinin “skeleti”ni təşkil edənlər “Araz”da oynayırdılar, hər gün məşqlər edir, standartları icra edirdilər. İndi biri İndoneziya çempionatında oynayır, bir başqası “Neftçi”də cəmi bir məşq edir. Ona görə səhvlər qaçılmazdır.