"Əlbəttə. çətin oyun oldu. Hər iki komanda mübarizə apardı. Qələbə ilə fərqi azaltmaq istəyirdik. Lakin alınmadı".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin evdə "Qarabağ"a 2:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçı barədə danışarkən deyib. İtaliyalı mütəxəssis komandanın bombardiri Baqali Dabonun zədələnməsinə üzüldüklərini bildirib: "Əlbəttə, Dabo aparıcı futbolçularımızdandır. Onun zədələnməsi komandamıza pis təsir edə bilərdi. Amma Baqalinin əvəzinə meydana daxil olan Namik Ələskərov pis oynamadı, sonadək çalışıb vuruşdu. Dabonun zədələnməsinə üzülürəm".
Bordin "Neftçi"yə gələnədək çalışdığı Moldova ilə Azərbaycan çempionatlarını müqayisə edib: "Komandamın oyunundan və çempionatın səviyyəsindən tam razıyam. Düzdür, biz birinci yerdə idik, amma bəzi oyunlarda xallar itirdik. Sonadək mübarizə apardıq. Oyun məni qane etdi. "Qarabağ” bunadək çempionluğu təmin etsə də, bu gün hər iki komanda yaxşı oyun göstərdi. Ümumilikdə çempionatı dəyərləndirsəm, komandamızın oyunundan razıyam. Çempionluq uğrunda güclü komandaya qarşı mübarizə apardıq. Moldova və Azərbaycan çempionatlarının hərəsinin öz yeri var. Burada çox yaxşı futbolçular gördüm. Onlarla işləmək xoşdur. Növbəti mövsümə çox ciddi hazırlaşıb, çempionluq uğrunda mübarizə aparacağıq”.