
"Əlbəttə, qələbə qazanmaq sevindiricidir. Baxmayaraq ki, çempionluğu hələ ötən tur təmin etmişdik. Həqiqətən bu oyuna azarkeşlərimiz üçün yaxşı hazırlaşmışdıq. Əsas istəyimiz azarkeşlər üçün baxımlı oyun göstərmək idi. Futbolçularımı çempionluq münasibəti ilə təbrik edirəm. Bizim üçün ağır mövsüm oldu. Sona qədər hər oyunda gərginlik hiss etdik. “Neftçi” yaxşı mövsüm keçirdi, onları təbrik edir və uğurlar arzulayıram. Həqiqətən də möhtəşəm mövsüm keçirdilər. Bizim üçün isə heç də asan olmadı".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXVIII turunda səfərdə "Neftçi"yə 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib. 47 yaşlı mütəxəssis digər sualları da cavablandırıb...
- Rəşad Sadıqovla bağlı ilk hissədə problem oldu…
- 45 dəqiqə Rəşad üçün bəs idi. Bir az əsəbiləşmişdi. Qarşıda milli komandanın oyunu var. Rahil Məmmədov və Bədavi Hüseynovun bir yerdə oynaması üçün dəyişiklik etdim.
- Miçel sanki pis təsir bağışladı…
- Miçel köhnə mövqeyinə qayıtmışdı. Ona görə bir az zəif təsir bağışladı. Onun meydanda düşünmə qabiliyyəti bizim üçün vacibdir.
- Komandadan gedəcək futbolçular bəllidirmi?
- İnnosent Emeqaranın müqaviləsini yeniləmədik. Reynaldo ilə də yollarımız ayrılacaq. Donald Gerrye bizimlə qalacaq. Tam razılaşmasaq da, danışacağıq. Yakub Jezniçakın da müqaviləsini uzatmadıq. Rəşad Sadıqovun müqaviləsini isə bir illik uzatdıq.