"Komandadan tam razı qaldım. İstədiyim oyunu sərgilədilər. Bu matç əvvəlki görüşlərə bənzəmirdi. Birinci yarıda qol epizodları yaratdıq, amma vura bilmədik. Fasilədə oyunçulara dedim ki, qol vura biləcəyik. Rəqibin təhlükəli epizodları az oldu. Bəziləri düşünürdü ki, bizim komanda yaxşı çıxış etmir. Bunun düz fikir olmadığını göstərdik".
Sportnet.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva dünya çempionatının əsas seçmə mərhələsinin Bakıda keçirilən 3-cü qrupunun III turunda Slovakiyaya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Braziliyalı mütəxəssis elit-raunddakı şanslardan və heyətdəki çatışmazlıqlardan söz açıb: "Baş məşqçi olaraq mən qol vurmuram. Cüssəli qapıçı olanda oyunçuya deyirəm ki, zərbəni yerlə vur. Növbəti mərhələ üçün heyətdə dəyişiklik etmək istəyirik. Amma zədəli futzalçılar da var. Ümid edirəm ki, onlar da kollektivə qoşulacaqlar".
Da Silva növbəti mərhələdə daha güclü komandalarla qarşılaşacaqlarını sözlərinə əlavə edib: "Seçmə mərhələni ikinci pillədə bitirən kollektivlər də asan rəqiblər deyil. Heç kim istəməz ki, Portuqaliya bizim qrupa düşsün. Onlar çox çətin rəqibdir".