
"Neftçi"nin haitili müdafiəçisi Donald Gerye Azərbaycan Premyer Liqasının XI turunda "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları səfər oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Yəqin ki, bu gün belə nəticə gözləmirdiniz...
- Əlbəttə, gözləmirdik. Oyuna ciddi hazırlaşmışdıq. Meydana yaxşı nəticə üçün çıxmışdıq. Bu gün 3 xaldan ötrü sona qədər mübarizə apardıq. Artıq bu oyunu unutmalı və qarşıdakı matçlara hazırlaşmalıyıq.
- Bu məğlubiyyətdən sonra 3-cü sıraya düşdünüz. Bunu həm də çempionluq yarışında "Neftçi" üçün böyük zərbə hesab etmək olar?
- Düzdür, turnir cədvəlində bir pillə gerilədik. Bundan sonra daha çox çalışmalıyıq. Çempionluq mübarizəsinə gəlincə, hələ ümidimiz var. Çünki qarşıda çox oyunumuz olacaq. Mübarizəni davam etdiririk.
- Roberto Bordin mətbuat konfransında komandadan narazı qalıb və bildirib ki, futbolçular istənilən səviyyədə çıxış etmədilər. Baş məşqçinin fikirlərinə münasibətiniz necədir?
- Bəli, baş məşqçi haqlıdır. Bu gün daha yaxşı oynaya bilərdik. Kifayət qədər vuruşmadıq. Məhz buna görə uduzduq. Növbəti oyunları daha yüksək səviyyədə keçirməliyik.
- Kənardan elə görünür ki, sanki "Neftçi"də xoşbəxt deyilsiniz...
- Unutmayın ki, "Neftçi" mənim üçün yeni komandadır. Hələ tam uyğunlaşa bilməmişəm. "Qarabağ"da futbolçularla bir-birimizi yaxşı başa düşürdük. "Neftçi"də isə yeniyəm. Düşünürəm ki, getdikcə hər şey daha yaxşı olacaq.
- Sizcə, "Qarabağ"da oynamaq asandır, yoxsa "Neftçi"də?
- Çətin sualdır. Ancaq mənə "Qarabağ"da oynamaq daha rahat idi. Çünki bayaq da dediyim kimi, futbolçularla yaxşı anlaşırdıq. Məsələn, top Rəşad Sadıqovda olanda irəli çıxırdım, Riçard Almeyda mənim mövqeyimə düşürdü, Abdullah Zubir isə cərimə meydançasına daxil olurdu. "Neftçi"də isə vəziyyət hələ ki, fərqlidir. Mənim üçün burada hər şey yenidir. Bu barədə əlavə nəsə deyə bilmərəm.