
"Bu, motivasiya baxımından çətin oyun idi. Çünki mərhələni təmin etdiyimizdən matça sonadək köklənmək ağır olur".
Sportnet.az-ın məlumatına görə, bunu "Sevilya"nın futbolçusu Daniel Karrisu İspaniyada "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin V tur matçı barədə danışarkən deyib. Komandasını meydana kapitan kimi çıxaran portuqaliyalı müdafiəçi bildirib ki, ilk yarıda oynamaqda çətinlik çəkiblər. 31 yaşlı futbolçu bunu "Qarabağ"ın çox qapanması ilə əlaqələndirib.
O, boşluqları ikinci yarıda tapmağı bacardıqlarını vurğulayıb: "Biz sürətli oynadıq və nəticədə iki qol vurduq. Rəqib üzərində üstünlüyümüzü ortaya qoymaq asan deyildi. Fasilədən sonra daha ciddi təsir bağışladıq. Bu səbəbdən, qələbəmizlə fəxr edirik".
Müdafiə xəttindəki etibarlı çıxışlarından da söz açan Karrisu 5 oyunda cəmi 2 top buraxdıqlarını xatırladıb: "Qrupda favorit olduğumuzu bilirdik. 4 görüşdə qapımızı toxunulmaz saxlamışıq. Ambisiyalıyıq və hədəfimiz bütün matçlardan 3 xal götürməkdir".
Qeyd edək ki, "Sevilya" 5 oyundan 15 xalla A qrupunun lideri kimi 1/16 finala yüksəlib. Qrupdan növbəti vəsiqəyə isə Kipr APOEL-i yiyələnib.