
“İlk 10 dəqiqədə komandam çox sakit idi. Sanki oyunda deyildilər. İlk hissənin tən yarısı geridə qaldıqdan sonra oyuna kökləndilər".
Sportnet.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Bakı İdman Sarayında Özbəkistan yığmasına 2:3 hesabı ilə uduzduqları yoldaşlıq görüşü barədə danışarkən deyib. Braziliyalı mütəxəssis rəqibin ikiqat istəklə çıxış etdiyini bildirib. Joze Alesionun sözlərinə görə, hazırda Azərbaycan Yüksək Liqasında fasilə olduğundan, futzalçıları yenidən formaya salmaq lazımdır: "Əvvəlcədən də dediyim kimi, heyətlə bağlı problemlərimiz var. Bəzi oyunçularımız zədəsini yeni sağaldıb. Əlbəttə, bu cür oyunlarda nəticədən çox, komandanın hazırlıq vəziyyətini yoxlamaq vacibdir. İndi səhvlərimizi görməliyik ki, rəsmi oyunlarda bunu etməyək. Sabahkı oyuna qədər bunu analiz edəcəyik və bu dəfə fərqli çıxış edəcəyik. Təbii ki, ikinci dəfə məğlub olmaq istəmirik”.
Qeyd edək ki, Azərbaycan və Özbəkistan yığmaları yanvarın 22-də də üz-üzə gələcək. Bakı İdman Sarayında keçiriləcək görüş saat 20:00-da başlanacaq.