
"Hər iki komanda sona qəsər mübarizə apardı. Bir standart vəziyyət zamanı səhvə yol verdik və onlar bundan istifadə edib, hesabı açdılar"
Sportnet.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Xorvatiya millisinə 0:2 hesabı ilə uduzduqları dünya çempionatının elit-raund matçından sonra deyib. Braziliyalı mütəxəssisin fikrincə, qarşılaşma həm Azərbaycan, həm də Xorvatiya milli komandaları bu turnir üçün yaxşı hazırlıq keçdiklərini göstərib: "Oyun da maraqlı alındı. İkinci hissədə biz üstün tərəf idik. Rəqib əsasən oyunu “evdə” keçirdi. Epizodlar yaratdıq, amma realizə edə bilmədik. Nəticədə risk etməli olduq və qapıçını meydan oyunçusu ilə əvəzlədik. Yenə səhvə yol verdik və rəqibimiz boş qapıya qol vurmaqla hesabdakı üstünlüyünü artırdı. Ümumi götürsək, intizamlı oynadıq, pis təsir bağışlamadıq. Təbii ki, qələbə qazana bilməyəndə bu cür məqamlar gözə görünmür".
"Qarşıda iki oyunumuz var. Şans hələ bitməyib. Razıyam, çətin olacaq. Ancaq daha yaxşı oynayıb, çətin olanı reallaşdırmağa çalışacağıq” deyə baş məşqçi vurğulayıb.