İngiltərənin "Vulverhempton" komandasının baş məşqçisi Nunu Eşpiritu Santu Azərbaycan millisinin futbolçusu Renat Dadaşova Avropa Liqası matçında şans verməlidir.
Sportnet.az-ın məlumatına görə, bu barədə ölkənin "Wolves.vitalfootball" nəşri yazıb. Bildirilib ki, 21 yaşlı hücumçu dəyərini sübut etmək üçün İspaniya "Espanyol"u ilə qarşılaşmada iştirak etməlidir.
Avropa Liqasının qrup mərhələsində olduğu kimi "Vulverhempton"un 1/16 finalda da bir sıra aparıcı futbolçularına istirahət verəcəyi gözlənilir. Renat Dadaşov bazar ertəsi U-23-ün heyətində "Liverpul"a 1:2 hesabı ilə uduzduqları görüşdə iştirak edib və komandasına penalti vurmaq imkanı qazandırıb.
Nəşr bildirir ki, forvard avrokubok matçına hazır olmalıdır: "Vulverhempton"un hücum xəttində problem var. Niyə Dadaşovu ehtiyat hücumçu rolunda görmürsünüz"? - deyə nəşr vurğulayıb.
Qeyd edək ki, Renat Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib. Klub gənc oyunçunu Avropa Liqası oyunları üçün sifariş edib. "Vulverhempton" 1/16 finalda "Espanyol"la ilk oyununu fevralın 20-də evdə, cavab görüşünü isə fevralın 27-də səfərdə keçirəcək.