İtaliyanın "Atalanta" klubunun Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniya "Valensiya"sını məğlub etdiyi oyunu stadionda canlı izləməyə 45 min azarkeş yollanıb.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, Berqamonun 122 minlik əhalisinin təqribən 1/3-i "San-Siro" stadionunda doğma komandalarını dəstəkləmək üçün 52 km məsafə qət edib.
Oyuna görə iş yerlərindən icazə alan və mağazalarını erkən bağlayan azarkeşlər yerli vaxtla saat 14:30-da Milan şəhərinə yola düşüblər. Tərəfdarların bu addımı həm yerli futbol ictimaiyyəti, həm də mətbuat tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, "Atalanta"nın ev oyunlarını keçirdiyi "Atleti Azzurri d İtalia" stadionu UEFA-nın tələblərinə cavab vermədiyindən, Can Pyero Qasperininin başçılıq etdiyi komanda Çempionlar Liqasındakı rəqiblərini "San Siro"da qəbul edir. "Atalanta" - "Valensiya" görüşü italiyalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb.