"Səbail" komandasındandan Latviya "Dauqavpils"inə icarəyə verilən Orxan Qurbanlı "Report"un suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir...
- Bakıya nə vaxt qayıtmısınız?
- Martın 14-də gəlmişəm. Martın 11-də Latviyaya getdim, gedişimin 3-cü günü bütün legionerlərə dedilər ki, çıxmaq lazımdır. Çünki bütün sərhədlər bir-iki günə bağlanacaq. Çempionatın ən azı mayın ortasınadək dayandırılacağını bildirdilər. Bu səbəbdən, bizim komandada legionerləri evlərinə göndərdilər. Latviyada məşqlər və çempionat təxminən Azərbaycandakından 2-3 gün əvvəl dayandırılıb.
- Sizin transfer xəbəriniz martın 6-da yayımlanıb. Latviyaya gedişiniz hansı səbəbdən yubanıb?
- Latviyada transfer dönəmi bağlanacağı üçün müqaviləni Bakıda elektron formada imzaladım. Çünki orada müddət bitirdi. Vizanı da bir az gec aldım.
- Bakıya gələndə sizi koronavirusa görə hava limanında yoxladılarmı?
- Mən gələndə demək olar ki, hər şey təzə başlamışdı, Azərbaycanda sərhədlər açıq idi. Bizi təyyarədə ağ geyimdə olan tibb işçiləri yoxladı və temperatura baxdılar. Həmin vaxt karantinə almaq söhbəti yox idi, rahat keçdim. Çünki mən tez gəldim, məşqdən sonra biletimi aldılar, qayıtdım, Latviyada gözləmədim.
- Müqaviləniz mayın sonunadəkdir. Klub sizinlə əlaqə saxlayırmı? Mövcud məsələ ilə bağlı nə deyirlər?
- Klubun idman direktoru ilə danışığımız oldu. Dedi ki, çempionat tez başlasa, biletini alacağıq və qayıdacaqsan. Mayın ortasına kimi bərpa olunmasa necə olacağını, açığı, heç özüm də bilmirəm. Əlbəttə, tez başlasa, gedəcəyəm. icarə müddətim mayın sonunda bitir. Orada klub hansısa legioneri sifariş etmək üçün, 3-5 min avro ödəyir. Deyirlər ki, 10 gün burada olacaqsansa, gəlməyin mənası yoxdur. Koronavirusla bağlı problem bitəndən sonra klubla rahat danışa bilərik. Hazırda futboldan daha önəmli məsələ var.
- Orada olduğunuz qısa müddətdə hadisələr necə cərəyan etdi?
- Hər şey tez bir zamanda baş verdi. Mən getdiyim gün bizə dedilər ki, oyunlar azarkeşsiz olacaq. Səhəri gün bildirdilər ki, oyun olmayacaq, məşq baş tutacaq. Daha sonra isə söylədilər ki, nəinki oyun, məşq də olmayacaq, hər yer bağlanacaq. Sərhəd bağlanacağı üçün qısa müddətdə ölkəni tərk etmək lazım oldu. Biz də çıxdıq.
- Sizə klubdan hansısa ödəniş oldumu?
- Mən orada qısa müddət qaldığım üçün heç nə olmadı. Müqaviləmdə var ki, "Səbail" klubu mənə ödəniş edir. Klub mənim oraya getməyimə razı oldu. "Dauqavpils"dən bir istəyim var idi ki, mənə bilet alsınlar, qayıdım. Sadəcə bir məqsədim var idi: orada oyunlarda iştirak etmək. Mayın sonunadək kubok matçları ilə birlikdə 20-dək oyun keçirməli idilər. 3 ay ərzində oynayıb, daha yaxşı kluba keçmək və ya "Dauqavpils"lə yeni müqavilə imzalamaq istəyirdim. Amma koronavirusa görə alınmadı, necə olacağını isə bilmirəm.
- Komandada digər azərbaycanlı futbolçu Vüqar Əsgərov da çıxış edir. Latviyaya gedəndə sizinlə maraqlandımı?
- Ən birinci eşidəndə sevindiyini bildirdi. Menecer vasitəsilə nömrəmi tapdı və mənə zəng etdi, danışdıq. Getdiyim gün məni çox isti qarşıladı.
- Oradakı vəziyyəti biləndən sonra ailəniz sizə görə narahat idi?
- Bəli. Məşqdən sonra əlaqə saxladım və tez qayıtmağını istədilər. Mənim də fikrim var idi ki, qayıdım. Gördüm ki, vəziyyət elə də yaxşı deyil. Latviya Avropa ölkəsi olduğu üçün belə işlərə daha ciddi yanaşırlar. İndi bizdə necə yanaşırlarsa, 20 gün əvvəl orada elə idi. Bir gün əvvəl Estoniyada çıxış edən Nurlan Novruzovla danışdım, dedi ki, sərhədi bağlamaq istəyirlər. Estoniya Latviya ilə həmsərhəddir. Fikirləşdim ki, bağlasalar, burada qalacağam. Həmin durumda qalmağın da heç bir mənası yox idi. Buna görə də tez qayıtdım. Nurlan isə hələ də Estoniyadadır.
- Bu dəfə alınmasa, növbəti mövsüm yen Latviya klubuna qayıtmaq istərdiniz?
- "Səbail"də ehtiyat oyunçular skamyasında oturandan sonra baş məşqçi Aftandil Hacıyevlə danışdım və oranı tramplin kimi istifadə etmək istədim. Sonra olacaq proseslər barədə hələ ki, dəqiq bir söz deyə bilmərəm. İndi hamını daha çox insan sağlamlığı maraqlandırır. Ona görə də heç kim futbol və ya müqavilə haqqında düşünə bilmir. Klubla söhbətim olub. Sadəcə deyiblər ki, gözləyək. Axırıncı danışıq belə oldu ki, tez bir zamanda problem bitsin və sən gələsən. Gec qurtarsa, sonradan söhbət edərik.
- Koronavirusdan özünüzü necə qoruyursunuz. Hansı tədbirləri görürsünüz?
- Bütün qoyulan qaydalara əməl edirəm. Virusdan qorumağa çalışırıq.
- Evdən çıxmaq üçün sms tələb olunur. Buna da əməl edirsinizmi?
- Bu neçə gün ərzində ümumiyyətlə evdən çıxmıram. Ailəmlə birlikdə bağ evindəyəm. Hələ ki, bu qayda təzə başlayıb. Əlbəttə, evdən sms göndərib çıxacağam.