
"Çində insanlara ictimai yerlərə, ticarət mərkəzlərinə, banklara və digər obyektlərə daxil olmaq üçün sağlamlıq kartı kodu verirlər. Bu yolla əvvəlcə sizi yoxlayırlar ki, həmin yerlərə daxil olmaq üçün sağlam olub-olmadığınızı söyləsinlər".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Çinin "Xançjou Qrintaun" klubunun cənubi afrikalı futbolçusu Dino Ndlovu "dispatchlive.co.za" saytına açıqlamasında Asiya ölkəsində koronavirusla mübarizə üçün yeni texnologiyanın tətbiqi baradə danışarkən deyib.
30 yaşlı hücumçu bildirib ki, belə üsulla insanların virusa yoluxub-yoluxmadığını müəyyənləşdirirlər: "Hər şey əhalinin təhlükəsizliyi üçündür. İctimai yerə çatan kimi mobil telefonunuza kod gəlir. Siz onu dərhal telefonun kamerası vasitəsilə skan etməlisiniz. Məlumatlarınızı izləmək və daxil etmək üçün daha bir neçə suala cavab vermək lazımdır. Yalnız bundan sonra sistem sizə yaşıl kod verəcək".
Afrikalı forvardın sözlərinə görə, yaşıl kod almaq hələ tam icazə demək deyil: "İctimai yerə daxil olmazdan əvvəl müayinədən keçməli və əllərinizi yumalısınız".
Qeyd edək ki, Dino Ndlovu 2016-cı ilin avqustundan 2018-ci ilin dekabrınadək "Qarabağ"da çıxış edib.