
Peşəkar Futbol Liqası 2009/2010 mövsümündə Azərbaycan Premyer Liqasının axırıncı turu ilə bağlı süjet paylaşıb.
Sportnet.az-ın məlumatına görə, həmin vaxt çempionluğun taleyi məhz sonda həllini tapıb. "Xəzər Lənkəran" qızıl medallara ən yaxın olduğu halda, öz meydanında "Bakı"ya 0:1 hesabı ilə uduzaraq, 1-ci pillədən 4-cü yerə enib. "Qarabağ" "Neftçi" ilə görüşdə qələbə yox, qolsuz heç-heçə ilə kifayətlənib.
Beləliklə, çempionluğun taleyi "İnter" - "Qəbələ" qarşılaşmasında həll olunub. "Bankirlər" 2:1 hesablı qələbə sayəsində birinci yerə yüksəlib və tarixində ikinci dəfə qızıl medal qazanıb. "Bakı" gümüş, "Qarabağ" bürünc medala sahib çıxıb.
"Xəzər Lənkəran" isə daha bir titulu Azərbaycan Kubokunun finalında "Bakı"ya 1:2 hesabı ilə uduzmaqla əldən verib.
Qeyd edək ki, hazırda "Xəzər Lənkəran" və "Bakı" fəaliyyətini dayandırıb, "İnter" adını dəyişərək "Keşlə" olub, "Qəbələ" çətin dönəmlərini keçirir. Çempionluq uğrunda isə "Qarabağ" və "Neftçi" mübarizə aparır.