Macarıstan "Ferentsvaroş"unun baş məşqçisi Sergey Rebrov Türkiyənin "Fənərbağça" komandasına rəhbərlik edə bilər.
Sportnet.az-ın "Fotospor"a istinadən məlumatına görə, klub prezidenti Ali Koç agentlərə 45 yaşlı mütəxəssisin namizədliyini ciddi nəzərdən keçirməyi tapşırıb. Rebrov müqavilə üzrə İngiltərə "Tottenhem"inə məxsus hücumçu kimi 2002 - 2004-cü illərdə icarə əsasında "Fənərbağça"nın formasını geyinib və 38 matçda 4 qolun müəllifi olub. Ukraynalı sabiq futbolçu "Ferentsvaroş"a 2018-ci ildən rəhbərlik edir.
Daha əvvəl o, Kiyev "Dinamo"su və Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasının da sükanı arxasında olub. Ötən il "Ferentsvaroş" Rebrovun rəhbərliyi altında Macacıstan çempionu olub. Bu mövsüm isə Budapeşt təmsilçisi 23 oyundan 53 xalla liderdir.
Qeyd edək ki, "Fənərbağça" martın 4-də Ersun Yanalın istefa verməsindən sonra baş məşqçisizdir.