
Elşən MƏMMƏDOV
"Keşlə"nin transfer fəaliyyəti barədə iş vaxtı bitəndən sonra açıqlama verməsini yarızarafat-yarıciddi tənqid etdik, iki gündür axşama saxlamadan dərc edirlər. Xub!
Daha bir təqdirəlayiq addım da odur ki, klub əməlli-başlı qolunu çırmayıb işə başlayıb. Artıq 2 transfer həyata keçiriblər, 8 oyunçu ilə müqavilə.uzadıblar, 3 nəfərlə yollarını ayırıblar.
Yəni, çempionat rəsmən dayandırılsa da, "Keşlə" dayanmayıb, intensiv surətdə Avropa Liqasına hazırlıq görür.
Digər iddialı klublarımız da müəyyən addımlar atırlar. Ən azı gedəcək oyunçularını müəyyənləşdirirlər, saxlayacaqları futbolçularla müqavilələr imzalayırlar, yeni transferlər edirlər. "Qəbələ", "Səbail", "Zirə" və "Sumqayıt"da isə passivçilikdir. İlk 3 komandanı hardasa başa düşmək olar, vaxtları çoxdur. Bəs "Sumqayıt"a nə olub?
Tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan klub nəinki yeni oyunçu alır, hətta öz əlindəkiləri saxlaya bilmir. Artıq payız gəlməmiş "yarpaq tökümü"nə rəsmən start verilib. Şəhriyar Əliyev kimi müdafiənin dirəyini "Keşlə"yə ötürürlər, Aleksey İsayev və Əmir Ağayev yol üstədir. Digərləri də həmçinin.
Bunlar nə vaxt hərəkətə keçəcəklər?